REGİONLAR
Qubanın iki kəndində 727 abonent təbii qazla təmin olunacaq VİDEO
Quba, 25 iyul, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunun Hacıhüseynli və Əliməmmədoba kəndlərində 727 abonent təbii qazla təmin olunacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən aparılan tikinti işləri artıq yekunlaşır. Hazırda abonentlər üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılır.
Kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 46 min metrə yaxın müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkilib.
Bu il Hacıhüseynli və Əliməmmədoba kəndləri ilə yanaşı, Quba rayonunun daha 9 yaşayış məntəqəsinin də təbii qazla təminatı planlaşdırılır. Rayonda il ərzində qazlaşdırılacaq yaşayış məntəqələrində, ümumilikdə, 1800-ə yaxın abonent qeydə alınıb.
Xaçmaz Regional Qaz İstismarı İdarəsindən bildirilib ki, il ərzində Xaçmazın Aşağı Ləgər, Digahoba kəndləri, eləcə də Qusar şəhərinin yeni salınan yaşayış massivinin də təbii qazla təmin olunması nəzərdə tutulub.