REGİONLAR
Göyçayda daha bir yol yenidən qurulur VİDEO
Bakı, 30 iyul, AZƏRTAC
Göyçay rayonunun Kürd–Şəhadət–Qarabağlar–İkinci Ərəbcəbirli avtomobil yolunda yenidənqurma işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 7,5 kilometrlik yol IV texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolda uzun illər əsaslı-təmir işləri aparılmadığından yolun örtüyü yararsız vəziyyətə düşmüş və nəqliyyatın hərəkətində müəyyən çətinliklər yaranmışdı. Yolun müəyyən hissələrində yol yatağının təbii amillərin təsirindən aşınaraq eni azalmış, çiyin hissələr standartlardan aşağı düşərək yeyilmişdi. Avtomobil yolunun 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulması ilə sadalanan problemlər aradan qaldırılır.
Yolboyu dağılmış yol geyiminin və torpaq yatağının yararsız qruntu zəruri yerlərdə qazılaraq çıxarılıb, əvəzinə isə yararlı material tökülərək yayılıb və kipləşdirilib. Bununla da standartlara uyğun yeni yol yatağı inşa edilib. Əsasın alt və üst layının qum-çınqıl və optimal-çınqıl qarışığı ilə tikintisi işləri görülüb. Bu işlər 76 min kvadratmetr sahədə icra olunub.
Yol əsası hazır olan hissələrdə asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Bu işlər isə 47 min kvadratmetr çox ərazini əhatə etməklə 12 santimetr qalınlıqda iri və xırda dənəli asfalt-beton qarışığı ilə icra olunur. Buna paralel olaraq çiyin hissələrin 28 min kvadratmetr sahədə 12 santimetr qalınlıqda optimal-çınqıl qarışığı ilə bərkidilməsi işləri də görülür. Bundan başqa tikinti işləri zamanı yolboyu 30 yerdə birləşmələrdən daxil olan avtonəqliyyat vasitələrinin təkərlərinin təmizlənməsi üçün asfalt-beton ilə təmiri, yaşayış məntəqələrindən keçən hissələrdə piyada səkiləri bərpası, kənarlarına 600 poqonmetr yeni səki daşlarının düzülməsi layihə üzrə icra olunur.
Suötürücü boruların başlıq hissələri yuyularaq dağılıb və bəzi borular yararsız vəziyyətə düşdüyündən, 26 ədəd 260 poqonmetr müxtəlif diametrli yeni metal və dəmir-beton suötürücü boruların quraşdırılması işləri görülüb, 14 metr uzunluğunda dördbucaqlı su keçidinin inşası işləri aparılıb. Layihə çərçivəsində Şirvan kanalı üzərində yerləşən 30 metrlik körpünün də əsaslı şəkildə təmiri nəzərdə tutulub.
Tikinti işlərinin sonuncu mərhələsində yol hərəkətinin normal təşkili üçün 28 yol nişanı və məlumatverici lövhə, 7 kilometr göstəricisi və 180 siqnal dirəyi quraşdırılacaq, 4 avtobus dayanacağı inşa olunacaq.
Görülən işlər 4 min əhalinin yaşadığı 4 yaşayış məntəqəsi arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdıracaq, yük və sərnişin daşımasını asanlaşdırmaqla yolboyu sənaye və kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq, həmçinin əhalinin rayon mərkəzinə və Bakı-Şamaxı-Yevlax avtomobil yolu vasitəsilə qonşu rayonlara rahat gediş-gəlişinə şərait yaradılmış olacaq.