REGİONLAR
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib VİDEO
Quba, 31 iyul, Elxan Yusifli, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbərliyi şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyiblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyulun 31-də AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədov Qubadakı Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşüb.
Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək, xatirəsi ehtiramla anılıb.
Quba və Xaçmaz rayonlarından olan vətəndaşların müraciətləri əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbul zamanı hər bir vətəndaşın müraciəti AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədov tərəfindən diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb, digər müraciətlər üzrə Agentliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Həmin gün AAYDA İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə Qusar rayonunda vətəndaşlarla görüşərək müraciət və şikayətlərlə tanış olub.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.