İQTİSADİYYAT
Kənd Təsərrüfatı Nazirliyi yeni subsidiya mexanizmi ilə bağlı təlimlərə başlayıb YENİLƏNİB VİDEO
Bakı, 6 avqust, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi təsərrüfat məhsulları istehsalçılarına subsidiyaların ödənilməsi üzrə yeni qaydaların tətbiq edilməsi ilə bağlı təlimlərə başlayıb.
AZƏRTAC xəbər verir ki, Aqrar Kredit və İnkişaf Agentliyinin təşkil etdiyi təlimlərdə 60 rayonun Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) nümayəndələri və Nazirliyin müvafiq şöbələrinin əməkdaşları iştirak edirlər. Doqquz gün keçiriləcək təlimlərə 200 mütəxəssis qatılıb.
“Təlimçilərin təlimi” kimi hazırlanan mütəxəssislər həm öz çalışdıqları, həm də fermerlərə subsidiyaların verilməsi ilə əlaqəli olan digər qurumların əməkdaşlarının yeni mexanizmlə bağlı məlumatlandırılmasını təmin edəcəklər.
Tədbirdə Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, təlimləri keçirməkdə əsas məqsəd fermerlərlə birbaşa ünsiyyətdə olan əməkdaşların subsidiyaların ödənilməsi üzrə yeni qaydalarla tam məlumatlılığını təmin etməkdir. M.Əliyev, həmçinin vurğulayıb ki, agentliyin hər bir əməkdaşı yerlərdə fermerlərin yeni subsidiya qaydaları ilə bağlı bütün suallarını cavablandıra bilməlidir.
Sonra təlim öz işinə başlayıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərmanı ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” təsdiqlənib.
Qaydaya əsasən, 2020-ci il yanvarın 1-dən etibarən, fermerlərə subsidiyaların ödənilməsi üçün sənədlər elektron sistem üzərindən yığılacaq, subsidiyaların maneəsiz, kənar müdaxilələr olmadan və sürətli verilməsi təmin ediləcək, təchizatçı və tədarükçülərin fermerlərlə tərəfdaşlığı şəffaflaşmış şəkildə aparılacaq.
Yeni mexanizmlə fermerlərə subsidiyaların verilməsini, DAİM-lərin bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir.