REGİONLAR
Neftçalada pambıq tarlaları kombaynlar üçün hazır vəziyyətə gətirilib VİDEO
Neftçala, 23 sentyabr, İsmayıl Cəfərli, AZƏRTAC
Strateji sahə olan pambıqçılıq bu günlərdə daha çox diqqət mərkəzindədir. Çünki regionlarda ilkin olaraq əllə pambıq yığımına başlanılıb. Neftçala rayonunda isə kombaynlar üçün nəzərdə tutulan pambıq tarlaları artıq dərmanlanıb.
AZƏRTAC xəbər verir ki, ötən il Neftçalada 7 min hektar pambıq sahəsindən 9 min 900 ton məhsul toplaması fermerlərin bu sahəyə marağını daha da artırıb. Artıq rayonun pambıq tarlalarında bol məhsul var. Daha məhsuldar pambıq sortlarına müraciət edən neftçalalı fermerlər əllə pambıq yığımını demək olar ki, başa çatdırıblar.
Bu il Neftçalada 5087 hektar sahədə pambıq əkini həyata keçirildiyini deyən Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ramil Salmanov bildirib ki, 300 tona yaxın məhsul əl ilə yığılaraq zavoda təhvil verilib. Onun sözlərinə görə, rayon ərazisində “Bəyaz altun”, “Gəncə 13” və digər sortlardan istifadə olunub. Bu sortlar çox məhsuldardır.
Sahələrdə bir neçə gün əvvəl defolyasiya işləri də aparılıb. Yaxın günlərdə kombaynlar sahələrə çıxarılacaq. Bu il Neftçalanın qabaqcıl pambıq ustaları Türkiyədən gətirilən toxumluq çiyid əkininə daha çox üstünlük veriblər. Alınan toxumlar digər fermerlərə paylanacaq. Bu, gələn il üçün pambıqçılıqda məhsuldarlığın yüksək olacağının qarantıdır.
Təcrübəli pambıqçılardan biri də Əlibala Səlimovdur. “Hazırda kooperativimizin üzvləri 30 hektar sahədə çiyid əkib. Bütün aqrotexniki tədbirləri həyata keçirərək yüksək məhsuldarlıq əldə etmişik. Bu yaxınlarda pambığın dönmə zolaqları yığılacaq ki, maşınların hərəkəti üçün şərait yaradılsın. Bir həftədən sonra tarlalarda kombaynla yığıma başlayacağıq. Ötən il hər hektardan 58 sentner məhsul əldə etmişdik”.
Səpini aparılan “Bəyaz altun” sortu öz vətənində, yəni Türkiyədə hər hektarda 80 sentnerədək məhsul verir. Sortun yerli iqlimə uyğunlaşmasının nəticəsi olaraq, pambıq ustası bu il üçün 60 sentner məhsul götürməyi qarşıya məqsəd qoyub. Təbii ki, burada dövlətin pambıqçılığa olan qayğısı da öz təsirini göstərir.
Gübrələrin güzəştli şərtlərlə satılması, şum aparmaq üçün vaxtında traktorların sahələrə cəlb olunması, subsidiyalar və digər tədbirlər yerlərdə pambıqçılığın inkişafına dəstək kimi qiymətləndirilir. Əlbəttə, dövlətin kənd təsərrüfatına diqqəti xalqın sosial rifah halının yüksəlməsi ilə nəticələnir.
Qeyd edək ki, Azərbaycanın müstəqillik dövründə ən çox pambıq istehsalı 2018-ci ildə qeydə alınıb. Ötən il ölkə üzrə sahələrdən 230,4 min ton xam pambıq yığılıb. Bu, 2015-ci ilin göstəricisindən 6,54 dəfə çoxdur.