REGİONLAR
Qubada yeddi yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə başlanılıb VİDEO
Quba, 25 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunda 5 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 24 kilometrlik avtomobil yolu Qamqam, Töhmər, Talabı, Xarovşa, Talabıqışlaq, Küçeyi və Cağacıq kəndlərini birləşdirir.
Yolun inşasına bir həftə əvvəl başlanılıb. Hazırda yolun Qamqam və Töhmər kəndlərindən keçən hissəsində yol yatağı salınır. Yol kənarlarında 3-3,5 metr enində yeni çiyinlər tikiləcək. İki hərəkət zolaqlı olan yolun hərəkət hissəsinin eni 7 metr təşkil edəcək.
Avtomobil yolunun tikintisinin 2020-ci ildə tamamlanması nəzərdə tutulub.
Bu yolun yenidən qurulması əhalinin gediş-gəlişini rahatlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxt ərzində istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq. Yolun tikintisi Qubada turizmin inkişafına əlavə təkan verəcək.