İQTİSADİYYAT
Bənzərsiz infrastruktur layihəsi - “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən reportaj VİDEO
Bakı, 27 sentyabr, Elvin Camalov, AZƏRTAC
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycanda sosial-iqtisadi inkişafın təmin olunması istiqamətində mühüm layihələr icra edilir. Ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri də vətəndaşlara keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsidir. Son illərdə nəqliyyat parkının müasirləşdirilməsi, sərnişinlərin müntəzəm marşrut avtobuslarından təhlükəsiz və rahat istifadəsini təşkil etmək üçün dövlətimizin başçısının təşəbbüsü ilə davamlı tədbirlər görülür. İctimai nəqliyyat sistemində yenilik olan Nəqliyyat Mübadilə Mərkəzlərinin - HUB-ların yaradılması bu istiqamətdə atılan növbəti addım kimi diqqət çəkir. Bir neçə gün əvvəl paytaxtımızda möhtəşəm layihənin - “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı oldu.
AZƏRTAC-ın müxbiri layihənin özəllikləri barədə ətraflı məlumat almaq, burada yaradılan şəraitlə yaxından tanış olmaq üçün mərkəzə üz tutub.
Müasir görünüşü ilə gözoxşayan tam fərqli infrastrukturla qarşılaşdıq. Mühüm nəqliyyat qovşağında, hərəkətin intensiv olduğu Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində, Bakı qəsəbələri istiqamətində hərəkət edən çox saylı avtobusların dayanacaq kimi istifadə etdiyi yerdə yaradılan bu mərkəz sərnişinlərin rahatlığına xidmət etməklə yanaşı, paytaxtımızın gözəlliyinə də xüsusi rəng qatır.
Burada hər cür şərait var: 4 platformadan ibarət avtobus terminalı, 10 gözləmə zalı, idarəetmə otağı, tibb məntəqəsi, ana və uşaq otağı, sanitar qovşağı, velosipedlər üçün parklanma yeri, istirahət parkı. Əvvəlcə gözləmə zallarına daxil olaraq müşahidələr apardıq. Bu zallar elektron tablolar, soyutma və isitmə, mobil telefon və tabletlərin enerji doldurması sistemləri ilə təchiz edilib. Hər bir gözləmə zalı Azərbaycanın elm, ədəbiyyat, mədəniyyət, incəsənət, tarix, idman sahəsində əldə etdiyi uğurları, milli-mənəvi dəyərləri əks etdirən yazılı və qrafik məlumatlar əsasında tərtib olunub. Burada maarifləndirici məlumatlarla yanaşı, kitab rəfləri də quraşdırılıb. Məqsəd sərnişinlərin mütaliəyə və kitaba marağını artırmaq məqsədi daşıyır. Gözləmə zallarına verilən adlar diqqəti ilk baxışda cəlb edir. “Qarabağ” adlanan gözləmə zalında Azərbaycanın ayrılmaz hissəsi olan bu gözəl diyar haqqında məlumat xarakterli lövhələr yerləşdirilib. Burada Xarı bülbül, Cıdır düzü, Qarabağ atları, Şuşa qalası, Qarabağ xalçaları ilə bağlı məlumatlar əksini tapır.
Dörd platformadan ibarət avtobus terminalı vətəndaşların avtobuslara rahat və təhlükəsiz şəkildə minib-düşməsinə imkan yaradacaq. Burada hər bir marşrut xətti üzrə dayanacaq yeri müəyyən edilib, məlumatlandırıcı lövhələr yerləşdirilib. Platformaların qarşısında nağdsız ödənişlər üçün terminallar quraşdırılıb, avtobusların giriş və çıxış istiqamətlərini, mərkəzin ərazisində hərəkət sxemini, dayanacaq yerlərini bildirən yol nişanları və nişanlanma xətləri ilə təchiz edilib.
Mərkəzin diqqətimizi çəkən ən mühüm cəhətlərindən biri də fiziki imkanları məhdud insanlar üçün yaradılan şərait oldu. Hərəkət istiqamətləri boyunca xüsusi tratil döşəmələr salınıb. Platformaların girişində əlil və uşaq arabalarının rahat hərəkəti üçün panduslar quraşdırılıb.
Hələ istifadəyə verilməsə də, ətrafda mərkəzə maraqla tamaşa edən insanları gördük. Bir neçə vətəndaş fikirlərini bizimlə bölüşdü. Dedilər ki, isti və soyuq aylarda avtobusları gözləyərkən əziyyət çəkirdilər. Avtobusların hərəsi bir tərəfdə dayanırdı. Qış aylarında vəziyyət daha da çətinləşirdi. “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin yaradılması həm rahatlıq, həm də təhlükəsizlik baxımından çox gözəl təşəbbüsdür. Həmsöhbət olduğumuz insanların hamısı bu gözəl təşəbbüsə görə dövlətimizin başçısına minnətdarlıq hisslərini ifadə etdilər.
Gözoxşayan gözəl mənzərələrdən biri də yaxınlıqdakı yaşıllıq zonası - istirahət parkı idi. Park Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə salınıb. Həmin ərazidə binalar tikilməsi ilə bağlı Prezidentə dəfələrlə müraciətlər olsa da, dövlətimizin başçısı buna razılıq verməyib və burada gözəl istirahət parkı inşa edilib. Parkda müxtəlif iqlim şəraitinə uyğun ağaclar əkilib. Bakının müasir inkişaf edən simasına uyğun hazırlanan parkda vətəndaşların istirahəti üçün hər cür şərait yaradılıb.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə həmsöhbət olduq. O, söhbət əsnasında bildirdi ki, mərkəz “Koroğlu” metrostansiyasının ətrafında hər birimizin uzun illərdir müşahidə etdiyi avtobusların necə gəldi dayanması nəticəsində yaranan xaotik vəziyyətə, avtomobillərin təhlükəli manevrlər etməsinə və dayanacaqların azlığı səbəbindən yaranan sıxlığa son qoyacaq. Həmçinin Azərbaycanın ev sahibliyi etdiyi idman yarışlarının keçirildiyi Olimpiya Stadionunun, idmançıların yaşadığı “Atletlər Kəndi”nin bu ərazidə yerləşməsini də nəzərə alsaq, Nəqliyyat Mübadilə Mərkəzinin əhəmiyyəti barədə daha aydın təsəvvür yaranar.
“Üç hektar sahəni əhatə edən mərkəzin istifadəyə verilməsi istər yol hərəkətinin təşkilinə, istərsə də sərnişindaşıma sahəsinə öz müsbət töhfəsini verəcək. Ətraf kənd və qəsəbələri şəhər mərkəzi ilə birləşdirən 30 müntəzəm marşrut xətti üzrə 430-a yaxın avtobusun fəaliyyət göstərdiyi “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin xidmətlərindən gün ərzində 270 min nəfərə yaxın sərnişin istifadə edəcək”, – deyə M.Ağayev vurğuladı.
O qeyd etdi ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, paytaxtın digər ərazilərində də nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində işlər görülür. Belə ki, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində gördüyünüz şərait “Avtovağzal”, “Dərnəgül”, “Lökbatan”, “28 May” Nəqliyyat Mübadilə mərkəzlərində də təmin ediləcək. Bundan əlavə, Binəqədi, Zabrat, Mərdəkan, Qala, Günəşli və Zığ ərazilərində kiçik HUB-ların yaradılması ilə bağlı hazırlıq işlərinə başlanılıb.
Öyrənirik ki, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi yaxın günlərdə sərnişinlərin istifadəsinə veriləcək. Hazırda mübadilə mərkəzində texniki sınaqlar aparılır, avtobuslar test rejimində fəaliyyət göstərir. Həmçinin “28 May” metrostansiyası – Heydər Əliyev Beynəlxalq Aeroportu və əks istiqamətdə hərəkət edən avtobusların ikinci dayanacağı “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi olacaq.
Son illər dövlətimizin başçısının sərəncamlarına, tapşırıq və göstərişlərinə uyğun olaraq Bakının qəsəbə və kəndlərində müasir yollar salınır, vətəndaşların sosial rifahı üçün konkret addımlar atılır. “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin yaradılması bu istiqamətdə atılan addımların ardıcıl xarakter aldığını göstərir. Bütün bunlar “Vətəndaşların rahatlığı hər şeydən üstündür prinsipi”nin əyani təzahürüdür. Belə ki, bu infrastruktur layihəsi Bakının qəsəbələrində yaşayan insanların şəhər mərkəzinə, həmçinin əks istiqamətə rahat və təhlükəsiz hərəkətini təmin etməklə, ümumilikdə, paytaxtda sərnişin daşınması sahəsinin müasirləşdirilməsinə töhfə verəcək.
“Koroğlu” HUB-ın yaradılması, ölkədə nəqliyyat sisteminin yenilənməsi bu sahənin maddi texniki bazasının müasir səviyyədə qurulması baxımından həyata keçirilən mühüm layihələrdən biridir. Layihənin icrası sosial məsələ olmaqla yanaşı, Azərbaycanın iqtisadi qüdrətinin də göstəricisi sayıla bilər. Şəhərimizin sürətli sosial-iqtisadi inkişafı ilə ahəngdarlıq təşkil edən “Koroğlu” HUB konsepsiyası dövlətin öz vətəndaşlarına verdiyi yüksək dəyərin bariz nümunəsidir.