REGİONLAR
Qusarda 14 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur VİDEO
Qusar, 11 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Qusarda 14 yaşayış məntəqəsini əhatə edən Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolu yenidən qurulur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri aparılan yolun uzunluğu 46 kilometrdir.
Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolu torpaq əsaslı və çınqıl örtüklü olmaqla, 4-cü texniki dərəcəyə uyğun inşa edilir.
Layihəyə uyğun olaraq, yolun 36 kilometri asfalt-beton, 10 kilometri isə çınqıl örtüklü olmaqla, yenidən qurulur. Yolboyu deformasiyaya uğrayan hissələr qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir. Yolun torpaq yatağının təmiri və bərpası işləri aparılır, torpaq yatağı genişləndirilir.
Hazırda yola iki laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Yolun hərəkət hissəsinin eni 6 metrdir.
Yolboyu mövcud suötürücü borular yararsız vəziyyətə düşdüyündən, yeni suötürücü dəmir-beton boruların quraşdırılmasına ehtiyac yaranıb. Bu səbəbdən layihə üzrə 46 dairəvi dəmir-beton suötürücü boru, iki ədəd düzbucaqlı su keçidi və iki yerdə isə bir aşırımlı dəmir-beton konstruksiyalı körpülərin tikintisi aparılır.
Tikinti işlərinin sonuncu mərhələsində yolboyu nişanlar və məlumatverici lövhələr, siqnal dirəkləri quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər çəkiləcək.
Qusar rayonunun Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolunun tikintisi 8 min əhalinin yaşadığı 14 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsini yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.
Yolda yenidənqurma işlərinin 2020-ci ildə yekunlaşdırılması nəzərdə tutulur.