REGİONLAR
Ağstafada Neolit dövrünə aid yaşayış məskəni tapılıb - REPORTAJ VİDEO
Ağstafa, 26 avqust, Ruslan Novruzoğlu, AZƏRTAC
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası Ağstafa rayonunun Xətai kəndi ərazisində Neolit dövrünə aid yaşayış yeri aşkar edib.
AZƏRTAC xəbər verir ki, ərazidə Neolit dövrünün ən qədim mərhələsinin izlərinə rast gəlinib. “Çəpiştəpə” (“Çağrıtəpə” ) adlanan Neolit dövrü qədim yaşayış məskəni və buradan tapılan daş qalıqlarından ibarət müxtəlif alət və məişət əşyaları sübut edir ki, ərazidə 8 min il bundan əvvəl intensiv yaşayış olub. İlkin araşdırmaya görə, ərazinin qədim sakinləri çayətrafı olduğuna görə burada kompakt yaşayıblar.
İnstitutun elmi işlər üzrə direktor müavini Nəcəf Museyibli ərazidə qazıntı işlərinə bu il başladıqlarını bildirərək deyib: “Tapılan alətlərdən təsərrüfatda, məişətdə istifadə edilib. Həm sovet dövründə, həm də sonrakı illərdə aparılan araşdırmalar zamanı ərazi bütövlükdə qərb bölgəsində Neolit dövrü məskunlaşması kimi tədqiq olunub. Son araşdırmalar zamanı aşkar edilmiş daş məmulatları və digər qalıqlar, ümumiyyətlə aparılan qazıntılar nəticəsində edilən analizlər onu göstərir ki, burada Neolit dövrü insanları məskunlaşıb. Tədqiqatlar zamanı Neolitin ən qədim mərhələsinin izləri aşkara çıxıb”.
Hazırda 200 kvadratmetrlik ərazidə arxeoloji qazıntılar davam edir. Gələcəkdə tədqiqatların nəticəsindən asılı olaraq bu sahə genişləndirilə bilər.