Yaşayış yerini qanunsuz tərk edən koronavirus xəstəsi barəsində cinayət işi başlanıb VİDEO
Bakı, 24 noyabr, AZƏRTAC
Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi Lerik rayon sakini, faktiki olaraq Binə qəsəbəsində yaşayan Simran Əliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı COVID-19 virusunun aktiv daşıyıcısı olan həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk etdiyi müəyyənləşdirilib. S.Əliyev müvafiq tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.
Onun barəsində toplanan materiallar Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. S.Əliyev barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.