CƏMİYYƏT
Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları istifadəyə yararsız balıq kürüsü satan şəxsləri yaxalayıblar VİDEO





Bakı, 30 dekabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində sosial şəbəkə vasitəsi ilə keyfiyyətsiz, istifadəyə yararsız balıqların kürüsünü satan şəxslər müəyyənləşdiriliblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı vətəndaş Vasif Qurbanov və Əzim Ağayev saxlanılaraq polis idarəsinə gətirilib. Onlardan ümumilikdə hər birinin çəkisi 70 qram olan 32 şüşə kürü aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər keyfiyyətsiz kürüləri qablaşdıraraq yerli və keyfiyyətli məhsul kimi vətəndaşlara müxtəlif qiymətlərə satdıqlarını etiraf ediblər. Onların bu məqsədlə istifadə etdikləri obyektdən yararsız balıq məhsulları və kürülər aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Nəqliyyatda Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 200.1-ci ( İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə cinayət işi başlanılıb.
Faktla əlaqədar araşdırmalar davam etdirilir.