REGİONLAR
Sirli məkan – Qaltan dərəsindən reportaj VİDEO
Ağstafa, 4 fevral, Ruslan Novruzoğlu, AZƏRTAC
Ağstafa rayonunda tarixi məkanlardan biri də Qaltan dərəsidir. Qədimiliyi ilə seçilən bu ərazi coğrafi relyefinə görə diqqət çəkir.
AZƏRTAC xəbər verir ki, Qaltan dərəsi “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisinə daxildir. Coğrafi relyefi olduqca maraqlıdır. Burada həm düzənlik, həm də dərə və dağlıq ərazilər mövcuddur. Daş parçalarından, qumluqlardan ibarət ərazilər də buraya gələnlərin diqqətini çəkir.
“Qaltan dərəsi” adına ilk dəfə 15-16-cı əsrlərdə türklərə məxsus olan “Tiflisin vergi müfəssəl dəftəri” adlı sənədlərdə rast gəlinir. “Burada qaltan dərəsi və qaltan dağı adlı toponimlərdən istifadə olunmuşdur. Hərfi mənada qaltan sözü “daşlı, kəsəkli” sahə deməkdir. Bu ərazilərdəki daşlardan orta əsrlərdə memarlıq abidələrinin inşasında istifadə edilib. Hətta Keşikçi qala abidəmiz də qaltan daşlarından istifadə olunaraq tikilib”, - deyə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşı Lalə Yusifzadə bildirib.
Qaltan dərəsi həm də qədim İpək yolunun üzərində yerləşir. Bu da ərazidə çoxsaylı kurqanların olmasına səbəb yaradıb. Eyni zamanda, bir vaxtlar burada daimi yaşayış yeri də olub. İqlimi münbit olduğu üçün yerli sakinlərin əsas məşğuliyyətini maldarlıq təşkil edib. L.Yusifzadə deyib: “Əvvəllər belə təsəvvür edilirdi ki, burada 87 kurqan var. Amma hazırda aparılan tədqiqatlar zamanı müəyyən olundu ki, torpaq və daş qutu qəbirlər də olmaqla, 150-dək kurqan mövcuddur. Eyni zamanda, keçən il əməkdaşlarımız tərəfindən aşkarlanmış “Hasarlı yaşayış düşərgəsi” də Qaltan dərəsində daimi yaşayışın olduğunu söyləməyə əsas verir”.
Ümumilikdə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində 20 adda 262 sayda abidə yerləşir ki, bu da ərazinin kifayət qədər qədim və maraqlı bir məkan olduğunu sübut edir.
Qalalar, məbədlər, su quyuları, sığınacaq və mağaralar hələ də araşdırmaya ehtiyacı olan yerlər kimi qalmaqdadır. Burada postpandemiya dövründə beynəlxalq alimlərin iştirakı ilə arxeoloji yay məktəblərinin təşkil olunması da nəzərdə tutulur. Həmçinin sokral ərazi kimi turistlərin Qaltan dərəsinə cəlb edilməsi də gələcək layihələrdə yer alıb.