CƏMİYYƏT
FHN: Türkiyədən dəvət olunmuş mütəxəssislərlə təlimlərə başlanılıb VİDEO
Bakı, 13 fevral, AZƏRTAC
Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan qazilərimizin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) dəvəti ilə qardaş Türkiyədən ölkəmizə gəlmiş bir qrup peşəkar klinik-psixoloq və psixoterapevt fəaliyyətini uğurla davam etdirir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində nazirliyin psixoloqları və Türkiyədən dəvət olunmuş mütəxəssislər arasında təcrübə mübadiləsi də aparılır. Həmçinin fevralın 12-dən etibarən “Posttravmatik stres pozuntusunun müalicəsində effektiv terapiya metodları” mövzusunda təlimlərə başlanıb. Təlimlərdə Vətən müharibəsi iştirakçıları, qazilər, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvləri, erməni terrorundan zərər görmüş vətəndaşlarımızla aparılan terapevtik seansların nəticələri barədə müzakirələr aparılır, müharibənin mənfi fəsadlarının qısa müddətdə aradan qaldırılması üsulları təhlil olunur.
Təlimlərin bir ay müddətində keçirilməsi nəzərdə tutulub.