CƏMİYYƏT
Gömrükçülər psixotrop maddə və narkotik vasitə aşkarlayıblar VİDEO

Bakı, 13 fevral, AZƏRTAC
Gömrükçülər psixotrop maddə və narkotik vasitə aşkarlayıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. Belə ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus çamadan Heydər Əliyev Beynəlxalq Aeroportunda rentgen aparatından keçirilərkən monitorda şübhəli təsvirlər müşahidə olunub.
Yoxlama zamanı çamadanda olan şəxsi əşyaların arasındakı 2 ədəd səsgücləndiricinin içərisində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 4 ədəd şəffaf polietilen bükümdə ümumi çəkisi 302 qram olan 1000 ədəd MDMA (metilendioksimetamfetamin) psixotrop maddə və çəkisi 89,679 qram olan narkotik vasitə - kokain aşkar edilib.
Xatırladaq ki, MDMA (metilendioksimetamfetamin) "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir və onun təsiredici maddəsinin ümumi miqdarı 145 qramdır.
Faktla bağlı araşdırma aparılır.