CƏMİYYƏT
Lənkəranda içkili halda traktorla avtoxuliqanlıq edən sürücü saxlanılıb VİDEO
Bakı, 24 may, AZƏRTAC
Lənkəranda içkili halda traktorla avtoxuliqanlıq edən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Lənkəran rayonu ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə və davamlı şəkildə pozaraq digər hərəkət iştirakçıları və piyadalar üçün ciddi təhlükə yaradan sürücü yol polisi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
Belə ki, Lənkəran rayon sakini E.Mirzəyevin axşam saatlarında idarə etdiyi “Belarus” markalı traktorla təhlükəli manevrlər etdiyi müəyyən olunub. Ərazidə xidmət aparan dövlət yol polisi əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, sürücü nəqliyyat vasitəsini saxlamayıb və yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq ərazidən uzaqlaşmağa çalışıb. Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra həmin şəxsin sərxoş olduğu müəyyənləşdirilib.
E.Mirzəyev barəsində tərtib olunmuş inzibati protokol aidiyyəti üzrə baxılması üçün rayon məhkəməsinə göndərilib.