ELM VƏ TƏHSİL
Azərbaycanın orta əsrlərdə Avropa ilə diplomatik əlaqələrindən bəhs edən kitab Nyu-York və Moskvada nəşr olunmuşdur
Bakı, 20 iyul (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Yaqub Mahmudovun “Azərbaycan və Avropa: orta əsrlərdə diplomatik əlaqələr (Ağqoyunlu və Səfəvi dövlətləri dövrü)” kitabı Nyu-Yorkda ingilis, Moskva şəhərində isə rus dilində çapdan çıxmışdır.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, 6 fəsildən ibarət olan kitabda Ağqoyunlu və Səfəvi dövlətlərinə aid 600-dən çox müxtəlif dillərdə olan mənbə və ədəbiyyatdan istifadə edilmişdir. Nəşrdə Ağqoyunlu və Səfəvi dövlətlərinin Avropa dövlətləri ilə əlaqələrinin öyrənilməsinin elmi əhəmiyyəti, Azərbaycanın bu ölkələr ilə əlaqələrinin yaranmasının tarixi səbəbləri, bu əlaqələrdə iqtisadi və xarici siyasi amillərin rolu, XV əsrin ikinci yarısı - XVII əsrin əvvəllərində Azərbaycan-Avropa münasibətləri, dövrün beynəlxalq əlaqələri və digər məsələlər öz əksini tapmışdır.
Kitab dünyanın ingilis və rusdilli oxucularını Azərbaycan tarixinin parlaq səhifələri ilə tanış edir. Uzun illərin araşdırmalarının nəticəsi olan sonluqda göstərilən 8 xəritə Azərbaycanın tarixi dövlətlərinin sərhədlərini müəyyən edir. Xəritələrdə, həmçinin tarixi həqiqət aşkara çıxarılaraq Nadir şah Əfşarın, Səfəvi hökmdarı I Şah Abbasın dövründə ölkənin sərhədləri göstərilmiş və bu görkəmli tarixi şəxsiyyətlərin Azərbaycan hökmdarları olduğu sübuta yetirilmişdir.
Kitabda əvvəlki tarixi dövrlərdəki ərazilərimizlə müqayisə etmək məqsədi ilə Azərbaycan Respublikasının müasir xəritəsi də verilmiş, ermənilər tərəfindən işğal olunmuş Qarabağdakı rayonlarımızın əraziləri də öz əksini tapmışdır.