İsmayıllıda şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub VİDEO
İsmayıllı, 13 iyul, AZƏRTAC
İsmayıllı rayonunun Kürdmaşı kəndində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində rayon icra hakimiyyətinin başçısı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi, rayon təhsil şöbəsinin, gənclər və idman idarəsinin kollektivləri, şəhid ailələri, qazilər, hərbçilər və müharibə iştirakçıları, müəssisə və təşkilatlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Pandemiya qaydalarına uyğun təşkil edilən tədbirdə ilk olaraq Dövlət Himni səsləndirilib, vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra abidə kompleksinin önünə əklillər və gül dəstələri düzülüb.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı 44 günlük Vətən müharibəsində şanlı Qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib. İcra başçısı abidənin inşasında əməyi olan hər kəsə, o cümlədən kənd fəallarına öz minnətdarlığını bildirərək onlara icra hakimiyyəti adından təşəkkürnamə təqdim edib. Çıxış edən digər tədbir iştirakçıları Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər. Habelə, qeyd edilib ki, şanlı Zəfər tarixini yazan Vətən oğulları hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqlar. Çıxışlarda şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlar edilib.
Tədbirdə məktəblilərin ifasında Vətənə, Azərbaycan Ordusuna, şəhidlərə həsr olunan şeirlər səsləndirilib.
Vətən müharibəsində arxa cəbhədə göstərdikləri xidmətlərinə, habelə gənclərin hərbi vətənpərvərlik tərbiyəsində fəal iştiraklarına görə rayon gənclər və idman idarəsi və Kürdmaşı kənd inzibati ərazi nümayəndəliyi tərəfindən bir qrup könüllüyə və kənd fəallarına fəxri fərmanlar təqdim edib.
Sonda şəhid ailələrinin üzvləri və kənd sakinləri ilə xatirə şəkli çəkdirilib.