Paytaxtda Britaniya layihəsinin tətbiqi uğurla davam edir VİDEO
Bakı, 3 avqust, AZƏRTAC
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın “Mott MacDonald” şirkəti ilə birgə hazırlanmış bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi ilə bağlı layihənin icrası artıq üçüncü ildir ki, uğurla həyata keçirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ilk öncə pilot layihə kimi Nərimanov rayonunda başlanan layihənin yüksək səviyyədə icrası nəticəsində xeyli irəliləyişlər əldə olunduğundan müqavilə şərtlərinə uyğun olaraq bu il mərhələli şəkildə paytaxtın daha 3 rayonu - Nizami, Nəsimi və Yasamal rayonları da bu layihəyə qoşulub. Layihənin tətbiqinə hazırlıqla bağlı hər 3 rayonda tələbata uyğun miqdarda - 1226 konteyner meydançası yaradılıb, meydançalara 2 rəngdə müasir konteynerlər quraşdırılıb.
Sakinlərin rahatlığı üçün hər bir rayonda ilkin mərhələdə Bakı Şəhər və rayon icra hakimiyyətlərinin əməkdaşları, bələdiyyə, təsərrüfat xidmətləri, gənclər və “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri bu işlərə cəlb edilib, geniş maarifləndirici işlər aparılıb.
Görülən hazırlıq tədbirlərin və təbliğat işlərinin nəticəsi kimi icrasına may ayında başlanılan layihənin Yasamal rayonunda artıq ilkin müsbət nəticələri əldə edilib. Belə ki, əgər Nərimanov rayonunda layihənin tətbiqinin ilk günündə çeşidlənmiş tullantının həcmi bir gündə 4 ton, sonradan isə tədricən 6 və 8 ton olubsa, Yasamal rayonunda may ayının ilk günlərindən 11 ton çeşidlənmiş tullantı yığılaraq yığım məntəqəsinə təhvil verilib. Hazırda bu rəqəm gündəlik təqribən 20-25 ton arası təşkil edir. Bu da ilk növbədə, əldə edilən təcrübə, həmçinin könüllülərin, kommunal xidmət əməkdaşlarının sakinlər arasında apardığı düzgün maarifləndirmə işlərinin nəticəsidir. Eyni zamanda, Yasamal rayon sakinləri də ilk gündən bu layihənin tətbiqində yaxından iştirak edirlər.
Həmçinin qeyd olunub ki, ətraf mühitin çirklənmədən qorunması üçün çox mühüm əhəmiyyət kəsb edən bu layihənin uğurla həyata keçirilməsi və paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədilə dövlətimizin başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün 57 ədəd kommunal təyinatlı müasir avtonəqliyyat vasitələri və mexanizmlər alınıb. Yeni texnikaların tətbiqi əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldərək kommunal xidmətlərin mövcud avtoparkının yenilənməsinə böyük kömək olub.
Bildirilib ki, layihənin uğurla həyata keçirilməsi şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığınızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına və iqtisadi səmərə əldə olunmasına xidmət edəcək.