Abşeron rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutulub VİDEO
Bakı, 3 sentyabr, AZƏRTAC
Qobu Polis Bölməsinin əməkdaşları Pirəkəşkül sakinlərindən daxil olan çoxsaylı şikayətlər əsasında qəsəbə ərazisində narkotiklərin satışı ilə məşğul olan şəxsin saxlanılması üçün əməliyyat keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan Cəmil Məmmədov Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə rayonun Pirəkəşkül qəsəbəsi sakinlərindən daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb. Onun Pirəkəşkül qəsəbəsində yerləşən mənzilinə baxış zamanı satmaq məqsədi ilə əldə etdiyi narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetemanin aşkarlanıb. Cəmil Məmmədovdan aşkarlanan narkotik vasitələrin ümumi çəkisi isə 50 qramdan çox olub.
Qeyd edək ki, saxlanılan şəxs əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün bir dəfə məhkum olunub. O, ifadəsində Pirəkəşkül qəsəbəsi və ətraf ərazilərdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Saxlanılan şəxsin barəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.