Xaçmazda narkotikə görə iki nəfər saxlanılıb VİDEO
Xaçmaz, 4 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Əlsafa Hüseynovu saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba Regional Qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxsin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman ümumi çəkisi 60 kiloqrama yaxın yaş vəziyyətdə çətənə (kannabis) bitkisi və ümumi çəkisi 7 kiloqramdan çox olan marixuana aşkar olunaraq götürülüb.
Bundan başqa, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini Zahid Tahirov da saxlanılıb. Həmin şəxsin yaşadığı evə baxış keçirilən zaman 22 ədəd kibrit qutusunda marixuana, 42 ədəd bükümdə heroin, “patı” “şüşə” adlanan narkotik vasitə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Hər iki faktla bağlı istintaq aparılır.