CƏMİYYƏT
Polis əməkdaşları Binəqədi rayonundakı sərnişin avtobusunda aktiv koronavirus xəstəsini saxlayıblar VİDEO
Bakı, 6 sentyabr, AZƏRTAC
Paytaxtın Binəqədi rayonunda sərnişin avtobusunda aktiv koronavirus xəstəsi polis əməkdaşları tərəfindən aşkarlanaraq saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən xidməti ərazidə profilaktik tədbir keçirilən zaman bir nəfərin metronun “Azadlıq” stansiyasının yaxınlığında 147 saylı marşrut xətti ilə hərəkət edən avtobusda olan zaman maskadan istifadə etmədiyini müəyyənləşdiriblər. Həmin şəxs dərhal ictimai nəqliyyatdan düşürülüb. Araşdırma aparılan zamanı onun aktiv koronavirus xəstəsi kimi qeydiyyatda olan paytaxt sakini Nəriman Xəmidov olduğu müəyyən olunub.
Onun barəsində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.
Aşkarlanan faktla bağlı araşdırmalar davam etdirilir.