Şəki şəhərində piyadanı vurub hadisə yerindən yayınan sürücü saxlanılıb VİDEO
Bakı, 8 sentyabr, AZƏRTAC
Sentyabrın 7-si axşam saatlarında Şəki şəhəri Salman Mümtaz küçəsində yolu keçən piyada Vüqar Süleymanov müəyyən olunmamış avtomobillə vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qəzanı törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “QAZ-3110” markalı avtomobilin sürücüsü, əvvəllər də məhkum olunmuş Xəyyam Yusubov Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.