REGİONLAR
Vətən müharibəsi şəhidi Eynulla Lətifovun doğum günüdür VİDEO
Quba, 8 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Sentyabrın 8-i Vətən müharibəsi şəhidi Lətifov Eynulla Niyətulla oğlunun doğum günüdür. Qəhrəman əsgər döyüşdə göstərdiyi şücaətə görə ölümündən sonra üç medalla təltif olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Eynulla 2001-ci ildə Quba rayonunun İkinci Nügədi kəndində anadan olub. Orta məktəbdə təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb.
Vətən müharibəsinin ilk günündən manqa komandiri kimi döyüşlərə qatılan Eynullanın ən böyük arzusu Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun yolunu gedərək şücaət göstərmək olub.
Qəhrəman əsgər əvvəlcə Füzuli cəbhəsində savaşıb. Bu döyüşlərdə yaralansa da, savaş meydanını tərk etməyib. Sonrakı döyüş yolu Cəbrayıl və Xocavənd istiqamətində olub. 19 yaşlı döyüşçü düşmənlə savaşda şücaəti ilə hərbçi yoldaşlarının rəğbətini qazanıb.
“Eynulla uşaqlıqdan hərbi formaya maraq göstərirdi. Məktəbdə oxuyanda müəllimlərinə söz vermişdi ki, Mübariz İbrahimov kimi qəhrəman olacaq. Vətən müharibəsi başlayanda döyüşlərdə olduğunu bilirdik. Amma harada olduğunu demirdi. Döyüş yoldaşları Eynullanın qəhrəmanlığı haqqında bizə danışıb. O, həmişə düşmən üzərinə yeriyən döyüşçülərdən olub. Mən oğlumla fəxr edirəm”, - deyə şəhidin atası Niyətulla Lətifov söyləyib.
Eynulla oktyabrın 19-da Xocavənd rayonunda döyüş tapşırığını yerinə yetirərkən düşmən mərmisinin partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.
Şəhid anası Gülbacı Lətifova deyib: “Eynullanı vətənpərvər övlad kimi böyütmüşdük. Əsgərliyini bitirdikdən sonra da hərbidə qalıb xidmətini davam etdirmək istəyirdi. Telefonla danışanda deyirdi ki, ana məni təbrik edə bilərsiniz. Sən demə, çoxdan arzuladığı “İstiqlal” snayper tüfəngi ilə təmin olunubmuş. Mübariz İbrahimovun silahından istəyirdi həmişə. Sonuncu dəfə oktyabrın 18-də danışdıq. Hərbi xidmətdə olmağının bir ili tamam olması münasibətilə Eynullanı təbrik etdim... Mənim oğlum Vətən uğrunda şəhidlik zirvəsinə ucalıb. Onunla qürur duyuram”.
Eynulla Lətifov Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.