Abşeron rayonunda quldurluq və soyğunçuluq edən şəxslər saxlanılıblar VİDEO
Bakı, 16 sentyabr, AZƏRTAC
Abşeron rayonu Xırdalan şəhərindən vətəndaş Samir Quliyevə qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, naməlum şəxslər zərərçəkəni tamah niyyəti ilə yumruq və təpiklə vuraraq ona zor tətbiq edib “Mercedes” markalı avtomobilini və 1 ədəd mobil telefonunu əlindən alıblar. Hadisə barədə həmin şəxs Abşeron Rayon Polis İdarəsinə məlumat verəndən dərhal sonra cinayəti törədən şəxslərin axtarışlarına başlanıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Babaş Məmmədov və tanışı Turan Bəhərzallı tutularaq istintaqa təqdim olunublar. Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat-axtarış tədbiri nəticəsində isə Xırdalan şəhəri ərazisində Namiq Mikayılzadə və qardaşı Rəhimə qarşı zor tətbiq edərək, üzərilərində olan bıçaqla onları hədələyib 180 manat məbləğində pullarını alan şəxslər saxlanılıblar. Əməliyyat zamanı həmin hadisəni törətməkdə şübhəli bilinən Ülvi Əliyev, Nahid Musayev, əvvəllər məhkum olunmuş Ənvər Hüseynov, Miribrahim Əliyev, Xəyal Əlilli və Rəhman Mehtiyev tutulublar. Araşdırma zamanı müəyyən olunub ki, bu şəxslər zərərçəkən qardaşların olduğu avtomobilin qarşısını kəsərək onlara fiziki zor tətbiq edib və pulları quldurluq yolu ilə əldə ediblər.
Faktlarla bağlı Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. Bu şəxslərin Abşeron rayonunda, eləcə də, paytaxt ərazisində digər cinayətlər etdikləri istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Abşeron Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin nazirliyin 102 - Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.
Faktla bağlı araşdırma aparılır.