18 aylıq körpədə uretroplastika əməliyyatı icra olunub
Bakı, 10 fevral, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Uşaq cərrahiyyəsi kafedrasının dosenti Vüqar Məhəmmədovun başçılığı ilə 18 aylıq körpədə hipospadiyanın subkoronar forması ilə bağlı uretroplastika əməliyyatı icra olunub.
AZƏRTAC ATU-a istinadla bildirir ki, əməliyyat kaudal anesteziya altında, yəni uşaq dərin anesteziya almadan aparılıb.
Vüqar Məhəmmədovun sözlərinə görə, anadangəlmə inkişaf qüsuru olan hipospadiya nadir hallarda rast gəlinən haldır. Cərrahi əməliyyat üçün optimal yaş isə ilk 6-18 aydır: “Adətən bu əməliyyatlar bir neçə mərhələdən ibarət olur. Biz isə xəstəmizdə əməliyyatı bir mərhələ ilə yekunlaşdırmağı planlaşdırırıq. Əvvəlki illərdə bu tip əməliyyatların sonradan ağırlaşması hallarına daha çox rast gəlinirdi. Lakin müasir dövrdə əməliyyat texnikasının inkişafı onun nəticəsinə çox müsbət təsir edir. 90-95 faiz hallarda əməliyyatlarımız fəsadsız keçir, 5-10 faiz hallarda təkrar əməliyyatlara ehtiyac qalır. Qüsurun formasından, dərinliyindən asılı olaraq əməliyyat müddəti 40 dəqiqə ilə 3-4 saat arasında dəyişə bilər”.
Vüqar Məhəmmədov qeyd edib ki, el arasında “anadangəlmə sünnətli” kimi adlandırılan bu xəstəliyin rastgəlmə tendensiyasında son illərdə artım müşahidə olunur. Buna görə də valideynləri daha diqqətli olmağa, qüsur aşkarlanan kimi həkimə müraciət etməyə çağırırıq.