QAN YADDAŞI
İstiqlal Muzeyində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
Bakı, 17 yanvar (AZƏRTAC). Yanvarın 17-də İstiqlal Muzeyində 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru Fəridə Şəmsi, Azərbaycan Fotoqraflar Birliyinin (AFB) sədri Mirnaib Həsənoğlu, Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyinin baş direktoru Rafael Gülməmmədli, fotoqraf Tahir Cəfərov, 20 Yanvar hadisələrinin şahidləri Sovet imperiyası tərəfindən Bakıda törədilmiş qanlı faciəyə münasibətlərini bildirmiş, faciənin səbəbləri barədə fikirlərini bölüşmüşlər.
Sonra muzeyin ekspozisiyasında Azərbaycan Fotoqraflar Birliyi ilə birlikdə hazırlanan “Fotoşəkillərin söhbəti” adlı sərgiyə baxılmışdır. Sərgidə AFB üzvləri - Mirnab Həsənoğlunun, Oleq Litvinin, Tahir Cəfərovun, Fərid Məmmədovun və başqalarının 20 Yanvar faciəsini əks etdirən 30-dan çox fotoşəkli nümayiş etdirilmişdir. Eyni zamanda, muzeyə Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyinin baş direktoru Rafael Gülməmmədli tərəfindən verilmiş 20 Yanvar hadisələrinin canlı şahidlərinin xatirələri təqdim olunmuşdur.
Tədbirdə, həmçinin 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilmiş və bu qanlı aksiya haqqında sorğu anketi təqdim olunmuşdur.