Ulu Öndərin əziz xatirəsi İslamabadda yad edilib VİDEO
İslamabad, 10 dekabr, AZƏRTAC
Azərbaycanın Pakistandakı səfirliyinin təşkilatçılığı, Pakistan-Azərbaycan Tələbə Assosiasiyasının (PATA) və COMSATS Universitetinin iştirakı ilə Pakistanda ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı “Uzaqgörən liderlərin gənclər siyasəti: Heydər Əliyev və Muhammad Əli Cinnah” adlı seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarda universitetin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, PATA-nın üzvləri, səfirliyin əməkdaşları, eləcə də Pakistan ictimaiyyətinin və KİV-in nümayəndələri iştirak ediblər.
Seminarda əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov hər il dekabrın 12-də Azərbaycanda ümummilli lider Heydər Əliyevin anım gününün qeyd olunduğunu bildirib və dahi liderin ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasındakı əvəzolunmaz fəaliyyətindən bəhs edib. Yenicə müstəqilliyini qazandığı zaman Azərbaycanın iqtisadi və siyasi böhran ərəfəsində olduğunu söyləyən səfir Ulu Öndərin hakimiyyətə gəlişi ilə ölkəmizdə sürətli yüksəliş, milli ruhun inkişafı, mənəvi tərəqqi dövrünün başlandığını vurğulayıb. Ulu Öndərin zəngin və parlaq dövlətçilik fəaliyyətində gənclər siyasətinin həmişə xüsusi yer tutduğunu ifadə edən X.Fərhadov ümummilli lider Heydər Əliyevin hər zaman Azərbaycan gənclərinə böyük ümid bəslədiyini və Azərbaycanın gələcəyinin gənclərin əlində olduğunu söylədiyini bildirib. Diplomat gənclər ilə bağlı Heydər Əliyevin həyata keçirdiyi genişmiqyaslı fəaliyyət barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb.
Səfir ümummilli lider Heydər Əliyevin gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. X.Fərhadov Azərbaycanda dövlət gənclər siyasətinin inkişafı, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakının təmin olunması, aparıcı qüvvəyə çevrilməsi və onların sosial-iqtisadi problemlərinin həll edilməsi məqsədilə ölkə rəhbərliyi tərəfindən bütün zəruri tədbirlərin həyata keçirildiyini və mühüm dövlət proqramlarının qəbul olunduğunu diqqətə çatdırıb.
Daha sonra səfir Pakistanın milli lideri Muhammad Əli Cinnah barədə söhbət açaraq onun Pakistan və bu ölkənin gənclərinin inkişafı istiqamətində apardığı uğurlu siyasətdən bəhs edib.
Tədbirdə COMSATS Universitetinin beynəlxalq əlaqələr departamentinin rəhbəri Məhəmməd Əli Tavab Baloç, bu universitetin professoru Aqila Asif və PATA-nın rəhbəri Qeysər Navab hər iki liderin öz ölkələrinin inkişafı və rifahı naminə apardığı uzaqgörən siyasətdən, xüsusilə gənclərlə bağlı aparılan islahatlardan bəhs ediblər.
Sonda ümummilli lider Heydər Əliyevlə bağlı kitab və materiallar universitet kitabxanasına hədiyyə olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad