İQTİSADİYYAT
2013-cü il Göygöl rayonunda quruculuq ili kimi yadda qalmışdır
Göygöl, 13 fevral (AZƏRTAC). 2013-cü il Göygöl rayonunda genişmiqyaslı quruculuq ili kimi yadda qalmışdır. Belə ki, şəhərin 7 küçəsi başdan-başa abadlaşdırılaraq yollara asfalt salınmış, 700 fərdi evin dam örtüyü dəyişdirilmiş, rayon mədəniyyət və istirahət parkının ərazisi 3 hektaradək genişləndirilmiş, Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, eləcə də uşaq əyləncə kompleksi və yay kinoteatrı istifadəyə verilmişdir. Bir neçə inzibati binanın açılışı olmuş, Dövlət Bayrağı meydanı və muzeyi yaradılmışdır. Göygöl şəhərinin su və kanalizasiya sistemi yenidən qurulmuş, 502-si daimi olmaqla 1328 yeni iş yeri açılmışdır.
Bütün bunlar barədə rayonda 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında ətraflı məlumat verilmiş, cari ildə görüləcək işlər müzakirə olunmuşdur.
Hesabat məruzəsi ilə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov demişdir ki, Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasının nəticəsi olaraq son 10 ildə rayonun iqtisadiyyatı dinamik inkişaf etmiş, 27 xidmət, 146 istehsal obyektləri istifadəyə verilmiş, ümumi məhsul istehsalı 8,5 dəfə, sənaye məhsulu istehsalı 11,6 dəfə, kənd təsərrüfatı məhsulları 4,3 dəfə, pərakəndə ticarətin dövriyyəsi 7,4 dəfə artmışdır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində keçən il rayon üzrə orta aylıq əmək haqqı 220,1 manata çatmış, adambaşına düşən pul gəliri 2441,8 manat təşkil etmişdir. Kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyinin nəticəsi olaraq Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 127 hüquqi və fiziki şəxsə 1 milyon 833 min manat güzəştli kredit verilmişdir.
Yığıncaqda kənd təsərrüfatı sahəsində qazanılan uğurlardan da geniş söhbət açılmışdır. Qeyd edilmişdir ki, 2012-ci illə müqayisədə süd istehsalı 434,5 ton, ət istehsalı 30,3 ton, yun istehsalı 3,8 ton artmışdır.
Əhalinin aztəminatlı təbəqəsinin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzində saxlanılmışdır. Keçən il 826 ailəyə hər ay orta hesabla 117 manat ünvanlı sosial yardım verilmişdir. İki nəfər Qarabağ müharibəsi əlili, beş nəfər Böyük Vətən müharibəsi veteranı pulsuz minik avtomobili ilə təmin olunmuşdur.
Yığıncaqda təhsil, səhiyyə və mədəniyyət sahələrində həyata keçirilən tədbirlər, eləcə də bu mövcud nöqsanlar barədə də ətraflı söhbət açılmış və bununla bağlı müvafiq tapşırıqlar verilmişdir.
Milli Məclisin deputatı Rövşən Rzayev və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rüfət Əliyev çıxış edərək keçən il ölkədə, eləcə də rayonda görülmüş işlərdən, cari ildə qarşıda duran vəzifələrdən danışmışlar.