SİYASƏT
Antalyada Türkiyə və Ermənistan xarici işlər nazirləri arasında görüş olub VİDEO

Antalya, 12 mart, AZƏRTAC
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Antalyada bir araya gəliblər.
AZƏRTAC xəbər verir ki, mətbuat üçün qapalı olan görüş Antalya Diplomatiya Forumu çərçivəsində keçirilib.
Nazir Mövlud Çavuşoğlu açıqlamasında görüşü olduqca məhsuldar və əhəmiyyətli adlandırıb. “Xüsusi nümayəndələri təlimatlandırdıq. Xüsusi nümayəndələr iki dəfə görüşüblər. Münasibətləri tam normallaşdırmaq məqsədi ilə bir araya gəlirik”, - deyə o qeyd edib.
Nazir Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə tərəfi Ermənistanla Azərbaycan arasında da münasibətlərin normallaşması prosesini dəstəkləyir.
Qeyd edək ki, iki ölkə arasında normallaşma prosesi üçün Türkiyə tərəfindən xüsusi nümayəndə səfir Serdar Kılıç, Ermənistan tərəfindən isə parlamentinin sədr müavini Ruben Rubinyan təyin olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya