20 Yanvar - milli qürur günümüz
Ağsu, 15 yanvar, Adil Ağayev, AZƏRTAC
Ağsu Rayon Mərkəzi Kitabxanasında 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilən “20 Yanvar-milli qürur günümüz” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon ziyalılarının, gənclərin və fəal oxucuların qatıldıqları tədbirin iştirakçıları əvvəlcə kitabxananın oxu zalında 20 Yanvar faciəsinin 25-ci il dönümü ilə əlaqədar hazırlanmış kitab sərgisinə, sonra isə qanlı faciəyə həsr olunan sənədli filmə baxıblar.
“Dəyirmi masa”da çıxış edənlər o dəhşətli gecədə aralarında uşaq, qadın və qocaların da olduğu yüzlərlə əliyalın insanın qətlə yetirildiyini və yaralandığını diqqətə çatdıraraq 20 Yanvar faciəsini Azərbaycan xalqına qarşı əvvəlcədən düşünülən məkrli siyasətin növbəti təzahürü kimi səciyyələndiriblər. Qeyd olunub ki, başda Mixail Qarbacov olmaqla sovet imperiyasının ermənipərəst rəhbərlərinin himayədarlığı ilə ermənilərin başladıqları Qarabağ hadisələri, azərbaycanlıların öz əzəli torpaqlarından--Ermənistandan deportasiyası, xalqımıza qarşı soyqırımı məhz bu siyasətin təzahürü idi.
Çıxış edənlər xalqımızın qəhrəman oğlu, ulu öndər Heydər Əliyevin 20 Yanvar hadisələrindən dərhal sonra, hələ Moskvada ikən həyatını təhlükəyə ataraq bu faciə ilə bağlı cəsarətli bəyanatından, Ümummilli Liderin səyi ilə hadisələrə əsl siyasi qiymət verilməsindən də ətraflı danışıblar.
“Dəyirmi masa”da 20 Yanvar faciəsinin həm də Azərbaycanın azadlığı uğrunda şanlı mübarizə tarixi olduğu vurğulanıb, faciə qurbanlarının əziz xatirəsinin daim qəlblərdə yaşayacağı bildirilib.