20 Yanvar faciəsi Azərbaycan tarixində istiqlal yolunun ilk zirvəsidir
Bakı, 12 yanvar, AZƏRTAC
Yanvarın 12-də Azərbaycan Dillər Universitetində (ADU) 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünə həsr olunan tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə sosial elmlər kafedrasının müdiri, dosent Ədalət Abdiyeva 20 Yanvar faciəsinin Azərbaycan tarixində böyük əhəmiyyət daşıdığını söyləyib.
Faciə ilə bağlı fikirlərini bölüşən professor Məhəmməd Teymurlu vurğulayıb ki, bu qanlı hadisə nəticəsində yüzlərlə günahsız insan həyatını itirib. İmperialist qüvvələr tərəfindən törədilən hadisənin qurbanlarından biri də ADU-nun tələbəsi Ülvi Bünyadzadə olub. Şəhid tələbənin meydan hərəkatında iştirakından və vətənpərvərliyindən söz açan M.Teymurlu diqqətə çatdırıb ki, Vətənin azadlığı uğrunda canından keçələr həmin qanlı günü şanlı günə çevirib.
Dosent Şəlalə Bağırova, baş müəllim Namiq Kərimov 20 Yanvar faciəsinin Azərbaycan tarixində istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin, azadlıq istəyinin oyanış günü olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış yüzlərlə günahsız insan silahlı təcavüz nəticəsində qətlə yetirilib. Ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyində 20 Yanvar faciəsinə qarşı kəskin etirazını bildirib, onu törədənləri ittiham edərək qoşunların Bakıdan çıxarılmasını tələb edib.
Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.