20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
Bakı, 15 yanvar, AZƏRTAC
Yanvarın 15-də Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anma tədbiri keçirilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmova 20 Yanvar faciəsinin tarixi və xalqımızın azadlıq mübarizəsi haqqında danışıb. Bildirilib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının milli oyanışından, azadlıq və müstəqillik mücadiləsindən xəbər verən tarixi bir gerçəklik idi. Azərbaycana hərbi müdaxilə ilk növbədə milli azadlıq hərəkatını boğmağa, xalqımızı nəyin bahasına olursa-olsun əsarət altında saxlamağa yönəlmişdi.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm səylər göstərmişdir. Ulu Öndərin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının əhəmiyyətindən, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində dövlətin gördüyü işlərdən danışan DBNX-nin rəisi qeyd edib ki, məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu hadisəyə hüquqi-siyasi qiymət verilib.
S.Rüstəmova 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin uca tutulduğunu, şəhid ailələrinin, əlil olmuş vətəndaşlarımızın dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunduğunu, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu insanlara daim diqqət göstərildiyini vurğulayıb.
Tədbirdə digər çıxış edənlər də 20 Yanvar hadisələrindən ətraflı söhbət açıb və faciənin acı nəticələrinin dünya müstəvisində geniş işıqlandırılmasının vacibliyini qeyd ediblər.
Sonda bir daha vurğulanıb ki, xalqımızın verdiyi qurbanlara, yaşadığı qanlı faciəyə baxmayaraq, 20 Yanvar təkcə faciə günü yox, eyni zamanda, tariximizin şərəfli səhifəsi olmaqla mübarizlik və qəhrəmanlıq nümunəsidir.