“20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 15 yanvar, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünə həsr olunan konfrans çərçivəsində “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda paytaxtın orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Tədbirdə BŞGİBİ-nin rəisi R.Abbasov çıxış edərək Azərbaycanın müstəqilliyinin qazanılmasında 20 Yanvar şəhidlərinin əvəzsiz rolu olduğunu vurğulayıb. Bildirilib ki, 20 Yanvar faciəsinin ildönümü ərəfəsində rəsm müsabiqəsinin qaliblərinin də mükafatlandırılması mərasimi keçiriləcək. Gənclərimizin Azərbaycan tarixini yaxşı mənimsəmələri, qəhrəmanlarımızın şücaətini dəqiqliklə bilmələri çox vacib şərtlərdəndir. Qeyd edilib ki, bu gün 20 Yanvar faciəsinin dünyaya çatdırılmasında tələbə hərəkatının da çox böyük rolu var.
Sonra “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda Bakının orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Tədbirdə məlumat verilib ki, müsabiqə Bakı şəhərinin 11 inzibati rayonu arasında keçirilib. İnşa müsabiqəsinin rayon mərhələsində qalib gələnlər Bakı mərhələsində iştirak ediblər.
İlk üç yeri tutan və fərqlənən iştirakçılar BŞGİBİ tərəfindən hədiyyələr və diplomlarla mükafatlandırılıblar.