QAN YADDAŞI
20 Yanvar hadisələrinə həsr olunmuş sərgi açılıb
Bakı, 21 yanvar, AZƏRTAC
Yanvarın 21-də Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası 1990-cı il Qanlı Yanvar hadisələrinin 29-cu ildönümü ilə əlaqədar təşkil olunan tədbirdə iştirak edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasında keçirilən tədbir dövlət himnimizin səslənməsi ilə başlayıb.
Sonra şagirdlərin ifasında 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş hadisələrə həsr edilmiş şeirlər səsləndirilib.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktoru Lətifə Məmmədova çıxış edərək Qanlı Yanvar gecəsində baş verən hadisələrdən danışıb, həmin günün xalqımızın yaddaşında əbədi qalacağını bildirib.
Gimnaziyanın foyesində şagirdlərin 20 Yanvar hadisələrinə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirilib. Həmçinin M.Ş.Vazeh adına Mərkəzi Kitabxana tərəfindən şagirdlər üçün "Şəhidlər ölməz, Vətən bölünməz" adlı kitab sərgisi təşkil olunub.