20 Yanvar şəhidlərinin xatirəsi Dövlət Miqrasiya Xidmətində ehtiramla anılıb
Bakı, 19 yanvar, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətində (DMX) 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xidmət rəisinin birinci müavini Vəli Nağıyev tədbirdə çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Azərbaycanda törətdikləri qanlı qırğınlar barədə məlumat verib. O, həmin hadisələrin insanlığa qarşı yönəldilmiş hərbi cinayət olduğunu bildirib. Qeyd edib ki, imperiya ordusunun əliyalın dinc əhaliyə, azadlıq, müstəqillik arzusunda olan insanlara qanlı divan tutması əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş ən dəhşətli əməl idi. Bu faciəyə ilk olaraq öz etirazını bildirən isə ümummilli lider Heydər Əliyev olmuşdu. Ulu Öndər Moskvada xüsusi nəzarət altında olmasına baxmayaraq, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib və təcavüzə kəskin etirazını bildirib. Ümummilli lider Heydər Əliyev hadisəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham edərək qoşunların Bakıdan çıxarılmasını tələb edib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi.
Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin 1994-cü ildə 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərmanında Milli Məclisə faciəyə tam və əsaslandırılmış siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunub. Milli Məclisdə müzakirələrin yekunu olaraq, 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilib. Məhz 20 Yanvar faciəsi ümummilli lider Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini alıb.
Qeyd olunub ki, dahi rəhbərin müdrik və uzaqgörən siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərir. Dövlətimizin başçısı Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin dövlət səviyyəsində böyük ehtiramla yad edilməsi üçün müvafiq qərarlar qəbul edir. Prezident İlham Əliyevin “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanı bu baxımdan müstəsna əhəmiyyət kəsb edir. Həmçinin dövlətimizin başçısının təşəbbüsü ilə Şəhidlər xiyabanında əsaslı təmir və yenidənqurma işləri aparılıb, 20 Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılıb.
Vurğulanıb ki, bu yara, bu zərbə nə qədər ağır olsa da, Azərbaycan xalqının qəddi əyilmədi, əksinə xalqımız başını daha qürurla tutaraq dövlət müstəqilliyini bərpa etdi və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə öz istiqlaliyyətini qoruyur və möhkəmləndirir. Təbii ki, xalqımız Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda verdiyi qurbanları heç zaman unutmur, onların xatirəsini daim əziz tutur.
Sonda 20 Yanvar faciəsindən bəhs edən film nümayiş olunub.