20 Yanvar şəhidlərinin xatirəsi Qaxda silsilə tədbirlərlə anılır
Qax, 15 yanvar, AZƏRTAC
Qaxda bir neçə gündür ki, 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü ilə bağlı silsilə tədbirlər davam edir. Ümumrayon tədbirlər planına uyğun olaraq hazırda Qaxın idarə, müəssisə və təşkilatlarında, ümumtəhsil məktəblərində, mədəniyyət ocaqlarında, kitabxanalarda, kəndlərdə anma mərasimləri, konfranslar, “dəyirmi masa”lar keçirilir, sərgilər, guşələr təşkil olunur.
AZƏRTAC xəbər verir ki, faciənin ildönümü ilə əlaqədar yanvarın 15-də Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatı qadınlar şurasının təşkilatçılığı ilə xatirə tədbiri keçirilib.
Rayonun fəal qadınlarının, ziyalıların iştirak etdikləri tədbirdə qurumun sədri Sevil Əsgərova çıxış edərək 20 Yanvarın tariximizə Vətənimizin azadlığı və müstəqilliyi uğrunda mübarizə günü, eyni zamanda, xalqımızın qəhrəmanlıq salnaməsi günü kimi daxil olduğunu bildirib. Vurğulanıb ki, həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan edib. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatıb, milli azadlığına qovuşub.
Qax Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin C. Cabbarlı adına mərkəzi kitabxanasında keçirilən “dəyirmi masa”da Qanlı Yanvar faciəsinin qəhrəmanlıq və şəhidlik zirvəsi kimi, xalqımızın qan yaddaşına əbədi həkk olunduğu xüsusi vurğulanıb.
Yanvarın 15-də Qax şəhərindəki Heydər Əliyev Mərkəzində “Azadlığa gedən yolun 20 Yanvar zirvəsi” adlı ədəbi-kompozisiya nümayiş etdirilib. Mərkəzin və rayon mədəniyyət evinin birgə hazırladıqları tədbirdə qeyd olunub ki, qanlı faciədən iyirmi beş il keçməsinə baxmayaraq, xalqımız inanır və əmindir ki, 20 Yanvar faciəsi zamanı həyatını itirmiş igid həmvətənlərimizin qanı heç vaxt yerdə qalmayacaq, işğal olunmuş torpaqlarımız Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tezliklə yağı düşmənlərdən təmizlənəcəkdir.
Tədbirdə 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilib.