20 Yanvar xalqımızın tarixinə qəhrəmanlıq günü kimi daxil olub
Ağcabədi, 14 yanvar, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı Qadınlar Şurası və rayon təhsil şöbəsinin təşkilatçılığı ilə “20 Yanvar - qan yaddaşımız” adlı silsilə tədbirlərə start verilib.
AZƏRTAC xəbər verir ki, ilk tədbir Ağcabədi şəhər 4 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə rayonun Şəhidlər xiyabanında təşkil edilib.
Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Məktəbin direktoru Teymur Qasımov və YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova çıxış edərək, 27 il əvvəl sovet ordusu tərəfindən Bakıda həyata keçirilən qırğının səbəbləri və ağır nəticələri barədə ətraflı məlumat veriblər. Bildirilib ki, 20 Yanvar Azərbaycan xalqının tarixinə təkcə faciə kimi yox, həm də mübarizlik, qəhrəmanlıq günü kimi daxil olub. Odur ki, bu günü faciə kimi deyil, xalqımızın azadlıq mübarizəsi kimi xatırlamaq lazımdır.
Tədbirdə məktəblilər 20 Yanvar faciəsinə və şəhidlərə həsr olunan şeirlər söyləyiblər.
Sonra iştirakçılar “Şəhidlər” abidə kompleksi önünə və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzüblər.