CƏMİYYƏT
AZƏRTAC Çinin Hubey vilayətinə təşkil olunan media-turda iştirak edib VİDEO













Pekin, 20 iyul, AZƏRTAC
Çinin Hubey vilayəti hökuməti əcnəbilərin vilayətin inkişafı, iqtisadiyyatı, mədəniyyəti haqqında daha yaxından məlumatlanması istiqamətində xarici jurnalistlər üçün media-tur təşkil edib.
Layihədə Yaponiya, Cənubi Koreya, Türkiyə, Qazaxıstan, Rusiya və Vyetnamdan olan jurnalistlərlə yanaşı Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC-ın əməkdaşı da olub.
Media-tur iştirakçıları Uhan şəhərindəki 113 min kvadratmetr sahəsi olan Hubey Vilayət Muzeyində, “Dongfeng” şirkətinin yeni brendi olan “Voyah” elektrik avtomobillərinin istehsal olunduğu zavodda olub. Jurnalistlər daha sonra İçan şəhərində dekorativ tikiş fabrikində istehsal prosesini, çay emalı müəssisəsində Çin çay mərasimini izləyib, dünyanın ən böyük su elektrik stansiyasının yerləşdiyi Yantzı çayı üzərindəki “Üç dərə” su bəndi haqqında məlumat əldə edib, Şişou şəhəri ərazisindəki maral qoruğuna, Daqonhu kəndində əjdaha meyvəsi plantasiyasına, Çiencian şəhərindəki xərçəng muzeyinə və bazarına baş çəkiblər.
Qeyd edək ki, Çinin mərkəzi hissəsində yerləşən Hubey vilayətinin sahəsi 185 min 900 kvadratkilometr, əhalisi 58 milyon nəfərdir. Çində balıq və düyü diyarı kimi tanınan Hubey hazırda kənd təsərrüfatı ilə yanaşı, neft emalı, kimya sənayesi, avtomobil istehsalı, metallurgiya, maşınqayırma, tekstil, qida emalı və yüksək texnologiyaya əsaslanan məhsullar istehsal edən bölgə kimi tanınır. Hubey 5 trilyon yuan (740 milyard ABŞ dolları) ümumi daxili məhsul ilə Çinin bölgələri arasında 7-ci yerdədir.
Dünyanın ən böyük su elektrik stansiyası və eyniadlı su anbarı olan “Üç dərə” Çində ən iri mühəndis layihəsidir. Vilayət ərazisində bir neçə iqtisadi və texnologiya zonası fəaliyyət göstərir.
Hubeyin müxtəlif şəhərlərində 20 universitet fəaliyyət göstərir.
Vilayətin paytaxtı Uhan şəhəri Çinin mərkəzi hissəsinin nəqliyyat, mədəni, iqtisadi habı hesab olunur.
Pekin