CƏMİYYƏT
FHN-in xilasediciləri yol-nəqliyyat hadisəsi nəticəsində sıxılmış vəziyyətdə qalmış sürücünü avtomobildən çıxarıblar VİDEO
Bakı, 2 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılmış vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1982-ci il təvəllüdlü Məmmədov Rəhman Məcid oğlunun idarə etdiyi “VAZ 21-07” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobildə sıxılmış vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan sürücünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Bundan əlavə, yol-nəqliyyat qəzası zamanı xəsarət alan sərnişinə xilasedicilər tərəfindən ilkin yardım göstərilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.