Qeyri-sabit hava şəraiti və su qıtlığı günəbaxan sahələrində məhsuldarlığı aşağı salıb FOTO VİDEO
Ağstafa, 2 sentyabr, R.Novruzoğlu, AZƏRTAC
Kənd təsərrüfatının gəlirli sahələrindən hesab olunan günəbaxan bitkisinə son illər fermerlərin marağı artıb.
AZƏRTAC xəbər verir ki, bu il Ağstafa rayonunda 1263 hektar sahədə günəbaxan becərilib. Bu göstərici ötənilkindən bir qədər yüksəkdir. Bir müddətdir ki, məhsulun kütləvi yığımına başlanılıb. Artıq proses yekunlaşmaq üzrədir. Məhsulun yığımı kombaynlar vasitəsilə həyata keçirilir.
Fermerlər deyirlər ki, suvarma zamanı problem olmazsa, günəbaxan sahələrini daha da genişləndirə bilərlər. Bu il yaz-yay aylarında hava şəraitinin qeyri-sabit keçməsi, o cümlədən su probleminin yaşanması məhsuldarlığa təsir edib.
“100 hektara yaxın sahədə günəbaxan əkmişəm. Məhsuldarlıq bu il yaxşı deyil. Sahədən 2 ton məhsul gözləsəm də, heç 1 ton da götürə bilmədim. Üç dəfə suvarma suyu verməli olsaq da, bəzən verə bilmirik. Məhsulun az olmasına iqlim də təsir göstərir. Bu il hava yaxşı olmadı, mayalanma vaxtı yağış yağdı”, - deyə fermer Tofiq Əsgərov bildirib.
Günəbaxan becərməyin sərfəli olduğunu deyən təsərrüfat sahibləri deyirlər ki, onun dənindən tum və yağ emalında, qarışıq yem hazırlanmasında, kütləsindən isə mal-qara yemi kimi istifadə edilir.
Satışa gəldikdə, fermerlər bu il satışdan razıdırlar. Ötən il 80 qəpikdən satılan günəbaxan tumunun kiloqramı indi 1,35 - 1,45 manata təklif edilir.
Kombaynlar 1 hektar günəbaxan sahəsində biçini 100 manata həyata keçirir. “Bu il biz 200 hektar sahədə günəbaxan əkmişik. Hazırda sahənin bir hissəsində yığım, digər hissəsində isə suvarma gedir. Suvarmada problem olmasa, məhsuldarlıq da yüksək olar”, - deyə günəbaxan əkən digər fermer Rəfael Hüseynov əlavə edib.
Fermerlərin suvarma ilə bağlı səsləndirdikləri problemlə əlaqədar Ağstafaçay Hidroqovşağı İstismar İdarəsindən bildirildi ki, bu il su anbarına ötənilkindən təxminən 2 dəfə az su yığılsa da, sahələri tələbata uyğun olaraq suvarma suyu ilə təmin etməyə çalışıblar. İdarənin baş mühəndisi Sənan Quliyev deyib: “Hazırda yay suvarma mövsümü başa çatıb. Anbarda bu gün 39 milyon kubmetr suvarma suyu var. Bu da payız mövsümünə hazırlıq üçündür. Fermerlərin qaldırdıqları məsələyə gəldikdə, biz rayon suvarma sistemlərinin tələbatına əsasən suyu ötürürük. Vətəndaşlara suyun çatdırılması isə rayon Suvarma Sistemləri İdarəsinin səlahiyyətində olan məsələdir”.
Ağstafa Rayon Suvarma Sistemləri İdarəsindən isə bildirildi ki, su qıtlığı yaşandığına görə belə problemlər olur. Bu barədə fermerlərə də məlumat verilib. Hazırda yığılan su payızda taxıl əkininin suvarılmasında istifadə ediləcək.