Otuz il əvvəl itkin düşən Şəmsəddin Allahverdiyevin Edillidə aşkarlanan nəşinin qalıqları Füzulidə torpağa tapşırılıb FOTO VİDEO
Füzuli, 13 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Otuz il əvvəl Füzuli uğrunda gedən döyüşlərdə itkin düşən şəhid Allahverdiyev Şəmsəddin Əvəz oğlunun Xocavəndin Edilli kəndində kütləvi məzarlıqda aşkarlanan nəşinin qalıqları Füzulinin Mahmudlu kəndində torpağa tapşırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Şəmsəddin Allahverdiyevin nəşi ailəsinin yaşadığı “Qayıdış” qəsəbəsindəki evə gətirilib. Şəhidlə vida mərasimi olub və cənazə namazı qılınaraq, şəhidlərimizin ruhuna dualar oxunub.
Sonra şəhidin nəşi dəfn üçün Füzuli rayonunun Mahmudlu kənd qəbiristanlığına gətirilib.
Dəfn zamanı şəhidlərimizin ruhuna dualar oxunub, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib.
Şəhid Şəmsəddin Allahverdiyev torpağa tapşırılıb. Şəhidin nəşinin büküldüyü üçrəngli Azərbaycan bayrağı qardaşına təqdim olunub.
Qeyd edək ki, Allahverdiyev Şəmsəddin Əvəz oğlu 1971-ci ildə Füzuli rayonu İşıqlı kəndində dünyaya göz açıb. Şəmsəddin 20 yaşında olarkən Vətənin dar günündə silaha sarılıb və torpaqlarımızın azadlığı uğrunda döyüşüb. 1-ci Qarabağ müharibəsi zamanı Çimənli, Qaradağlı, Məlikcan və digər kəndlər uğrunda gedən döyüşlərdə iştirak edib.
Şəmsəddinin nəşinin qalıqları ötən il oktyabr ayında Xocavəndin Edilli kəndində tapılan 12 şəxsin basdırıldığı kütləvi məzarlıqda aşkarlanıb. Qeyd edək ki, sözügedən məzarlıqda erməni vəhşiliyinə məruz qalaraq, məftil və kəndirlərdən istifadə edilməklə əl-ayağı bağlanaraq kütləvi şəkildə dəfn olunan 12 insan qalığı tapılıb. İlkin baxışda kəllə sümüklərində küt alət izləri, həmçinin güllə və iti alətin deşdiyi izlər müşahidə olunub. Bu faktlar onu göstərir ki, erməni qəsbkarları əsir götürdükləri şəxsləri zorakılıqla qətlə yetirib və kütləvi formada basdıraraq cinayət izlərini ört-basdır etməyə çalışıblar.