“İnanırıq ki, tezliklə Qazaxın kəndləri də işğaldan azad ediləcək” - Quşçu Ayrım kəndindən REPORTAJ VİDEO
Qazax, 3 oktyabr, R.Novruzoğlu, AZƏRTAC
Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Quşçu Ayrım kəndi uzun illər düşmənin atəşi altında olan yaşayış məntəqələrimizdən biridir. Sakinlər torpaqlarımızın azad olunmasından, ordumuzun qazandığı Qələbədən ruhlandıqlarını, üçrəngli bayrağımızın indi Vətənimizin hər yanında dalğalanmasından qürur duyduqlarını deyirlər.
AZƏRTAC xəbər verir ki, Quşçu Ayrım ucqar sərhəd kəndlərdən biri kimi müharibənin dəhşətli üzünü görüb. Kəndin dörd tərəfində düşmən gülləsinin izlərinə rast gəlmək olur. Sakinlər isə elə əvvəlki kimi öz ev-eşiyində, təsərrüfatları ilə məşğuldurlar. Antiterror tədbirlərindən sonra Qarabağımızın tam azad olunması və ərazi bütövlüyümüzün təmin edilməsi onların da böyük sevincinə səbəb olub.
“Antiteror tədbirləri bizim Quşçu Ayrım camaatında elə böyük fərəh hissi yaratdı ki... Hamımız gözləyirik ki, bizim işğal altında olan Aşağı Əskipara, Yuxarı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı, Xeyrimli, Soflu və Barxudarlı kəndlərimiz də işğaldan azad edilsin. Bizim güclü Ali Baş Komandanımız, güclü ordumuz var. İnanırıq ki, tezliklə o kəndlərimiz də azad ediləcək”, - deyə kənd sakini Yetər Mustafayeva bildirib.
Quşçu Ayrım kəndinin sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir. Zəhmətkeş kənd sakinləri düşmən təxribatlarını 30 ildir görə-görə gəliblər. Uşaqlar atəş altında böyüyüblər.
Antiterror tədbirlərinin nəticəsi olaraq separatçıların Qarabağda cəmi 24 saatdan da az bir müddətdə ağ bayraq qaldıraraq təslim olmalarının sevincini, qürurunu yaşayan sakinlər bir-biri ilə görüşəndə ordumuzun uğurları barədə qürurla danışırlar.
“Qarabağımız azad olunanda çox sevindik. Allah ordumuzu, dövlətimizi qorusun! Şəhidlərimizə rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayıram. Bəli, vaxtilə biz də atəş altında yaşamışıq. Amma xeyli müddətdir atışma yoxdu, sakitlikdir. Rahat yaşayırıq. Ordumuz sağ olsun. Biz ordumuza güvənib burada yaşayırıq”, - deyə kənd sakini Fikrət Məmmədov vurğulayıb.
İndi sakinlər rahatlıqla həyətyanı sahələrində payızlıq işlərini görür, təsərrüfatlarını yaz məhsulu üçün hazırlayır, əkin aparırlar. Vaxtilə Göyçədən - öz ata-baba yurdundan didərgin salınınan, indi Quşçu Ayrım kəndində yaşayan Şəlalə İsmayılova deyir ki, müharibələr heç kimə xoş gün gətirmir. Bunu düşmən nə qədər tez anlasa, o qədər yaxşıdır. Ərazi bütövlüyümüzün bərpası hər kəs kimi onu da sevindirib. Çətin günlərin arxada qaldığını, gələcəyə böyük ümidlə baxdıqlarını deyir.

“Nə qədər zülm çəkmişik. Amma indi ümidimiz artıb ki, Qazaxın kəndlərini də qaytaracağıq. Bəlkə də gün gələcək biz yenə Göyçəmizdə yaşayacağıq. Ümidimiz artıq çoxalıb. Öz evimizdə, işimizdə, gücümüzdəyik. Atəş altında yaşasaq da, bir gün də olsun evimizi tərk etmədik. Prezidentimizə və ordumuza güvənərək burada yaşayırıq”, - deyə kənd sakini Şəlalə İsmayılova əlavə edib.
İndi Quşçu Ayrım sakinləri qış tədarüklərini görürlər. Onlar dövlət qayğısı ilə əhatə olunublar. Kəndə qaz və su xətləri çəkilib, yol yenidən qurulub, həyat şəraiti yaxşılaşıb. Sakinlər inanırlar ki, Qarabağımız kimi, işğalda olan rayonun 7 kəndi də tezliklə azad ediləcək.