Qətərin dövlət naziri: QH-nin Gənclər Təşkilatı gənclər arasında dialoqun gücləndirilməsində önəmli rol oynayır VİDEO
Bakı, 7 oktyabr, AZƏRTAC
Oktyabrın 6-da Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) üzvləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar QHGT-nin mənzil qərargahı ilə tanış olublar. Onlara Təşkilatın həyata keçirdiyi layihələr barədə məlumat verilib.
Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev təşkilatın Qoşulmama Hərəkatı üzv dövlətlərindən olan gənclər arasında əməkdaşlığın genişləndirilməsində rolunu və bu cür yüksək səviyyəli görüşlərin əhəmiyyətini vurğulayıb.
Sultan bin Saad Al-Mureyxi Qətərin gənclərin inkişafı istiqamətində irəli sürdüyü çoxsaylı təşəbbüslərdən bəhs edib. Nazir QHGT-nin gənclər arasında dialoq və əlaqələrin gücləndirilməsində önəmli rolu olduğunu bildirib.
Görüş sual-cavab sessiyası ilə davam edib. Gənclər Qətər rəsmisinə Qoşulmama Hərəkatı üçün bir sıra vacib gündəm mövzular, o cümlədən dayanıqlı inkişaf, iqlim dəyişikliyi kimi məsələlər ilə bağlı suallar ünvanlayıblar.
Qeyd edək ki, Qoşulmama Hərəkatı (QH) Gənclər Şəbəkəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə yaradılıb. 2022-ci ilin iyulunda QH Gənclər Sammiti zamanı Şəbəkənin Təşkilata çevrilməsinə dair yekun sənəd olan Şuşa Akkordu qəbul edilib. Hazırda QHGT-nin üzv dövlətlər üzrə 48 milli bölməsi nəzdində fəaliyyət göstərən yüzlərlə fəal üzvü Qoşulmama Hərəkatına üzv ölkələr arasında beynəlxalq dialoqa və əməkdaşlığa təkan verir.