REGİONLAR
Ulu Öndərin banisi olduğu müstəqil Azərbaycan möhkəm bünövrə üzərində zirvələrə ucalır VİDEO
İmişli, 12 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti Azərbaycanı dərin siyasi, iqtisadi, sosial və psixoloji böhrandan çıxararaq, müstəqilliyin əbədi yolu ilə inamla irəliləməsi üçün zəmin yaratdı. Bu gün Ümummilli Lider Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan möhkəm bünövrə üzərində daha da zirvələrə ucalmaqdadır və dahi şəxsiyyətin xatirəsi dərin ehtiramla anılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmişlidə Ümummilli Lider Heydər Əliyevin xatirəsi izdihamla anılıb. Səhər saatlarından başlayan Anım Günündə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin, təhsil və səhiyyə qurumlarının əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İmişli şəhər mərkəzində Ümummilli Liderin abidəsi ehtiramla ziyarət edilib, abidə önünə gül dəstələri düzülüb.
Ulu Öndər Heydər Əliyev, ümumilikdə, İmişliyə 5 dəfə səfər edib. Sadə adamlarla, kənd zəhmətkeşləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb. Ulu Öndərin hakimiyyətdə olduğu illərdə İmişlidə digər sahələrlə bərabər, aqrar sahə də inkişaf edib. Bir sıra istehsal, emal müəssisələri istifadəyə verilib. Sözügedən istehsal sahələrindən bir çoxu hazırda da restavrasiya olunaraq fəaliyyət göstərir.
İmişli rayon sakinləri Ümummilli Liderin xatirəsini daim əziz tutur, onu ehtiramla yad edirlər.