28 May - Milli qürur günümüzdür
Xaçmaz, 28 may, Elxan Yusifli, AZƏRTAC
Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur günüdür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil respublikanın yarandığı dünyaya bəyan edildi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Xaçmaz Tarix Diyarşünaslıq Muzeyi və Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatının Gənclər Birliyinin (GB) təşkilatçılığı ilə 28 May - Respublika Gününə həsr olunmuş "Yaşa Azərbaycan" adlı tədbirdə bildirilib.
Muzeyin direktoru Pakizə Mehdiyeva çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk parlamentli respublika olduğunu, insan hüquqlarının qorunması, xarici siyasət, təhsil, elm, hərb sahəsində bir çox islahatlara başlanması, milli ordunun yaradılması baxımından dövlətçilik tarixində əvəzsiz rol oynadığını vurğulayıb.
Xaçmaz Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, YAP Xaçmaz rayon Təşkilatının GB-nin sədri Fərid Musayev 28 May - Respublika Gününün bu il daha böyük qürurla qeyd olunduğunu bildirərək, gənclərimizin Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı düşmən tapdağından azad etdiyini vurğuladı.
Muzeyin elmi işçisi Xumar Əsədova “Cümhuriyyətin yaranmasına zərurət doğuran tarixi məqamlar və onun idarəetmə strukturları”, tarixçi Amil Rəhimov “Azərbaycan Xalq Cümhuriyyətinin Müvəqqəti hökuməti, Milli Şurası, xarici siyasəti” mövzularında məruzələrlə çıxış ediblər.
Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan hərbi qulluqçu, mayor Tarıyel Didarov isə çıxışında Azərbaycan Ordusunun dünəni və bu günündən söz açıb, Zəfər tariximiz haqqında danışıb.
Tədbirin bədii hissəsində Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan videoçarxlar, musiqi nömrələri nümayiş olunub, məktəblilərin ifasında şeirlər səsləndirilib.
Sonda iştirakçılar Xaçmaz Xalça Muzeyinin əməkdaşı Dilarə Rüstəmovanın "Azərbaycan" adlı təqdimatını izləyiblər.