SİYASƏT
28 May - Respublika Günü İraqda da qeyd olunub
Bağdad, 31 may, AZƏRTAC
Azərbaycanın İraqdakı səfirliyində 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İraq parlamentinin baş katibi Abdulla İsmayıl, qurumun hüquq komitəsinin sədri Erşat Al-Salihi, tədqiqatlar mərkəzinin rəhbəri, professor Moataz Əbdülhəmid və digər rəsmi şəxslər, Bağdad ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Nəsir Məmmədov mərasimdə çıxış edərək ölkəmizin tarixi və bu günü haqqında geniş məlumat verib.
Qeyd olunub ki, 1918-ci ildə Şərqdə ilk demokratik respublika məhz Azərbaycanda yaradılıb. Çar Rusiyasının süquta uğramasından istifadə edən Azərbaycan xalqı öz iradəsini ortaya qoyaraq müstəqil dövlət qurub azad yaşamağı üstün tutub. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan parlamentdə ölkə ərazisində yaşayan bütün xalqlar təmsil olunub. Müsəlman Şərqində ilk dəfə məhz Azərbaycanda qadınlara seçib-seçilmək hüququ verilib. Təəssüf ki, Cümhuriyyətin ömrü cəmi 23 ay olub.
XX əsrin sonlarında Azərbaycan xalqı müstəqilliyini bərpa edib. Müstəqilliyin ilk illərində ölkəni xaos və anarxiya bürümüşdü. Lakin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə ictimai-siyasi sabitlik yaradılıb, respublika inkişaf yoluna qədəm qoyub.
Bu gün ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətlərindən birinə çevrilib. Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən güclü dövlət olaraq inkişaf yolu ilə irəliləyir. Təsadüfi deyil ki, Prezıdent, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uzun illər erməni işğalında qalan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi.
Vətən müharibəsində İraq hər zaman dost Azərbaycan xalqını dəstəklədiyini bəyan etdi, beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizin haqlı mövqeyini müdafiə edərək dostluğunu bir daha göstərdi.
Digər natiqlər də müasir Azərbaycanın dünyada qazandığı uğurlardan danışıblar.
Sonra qonaqlar ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Bağdad