28 May – Respublika Günü münasibətilə onlayn konfrans keçirilib
Bakı, 27 may, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə 28 May - Respublika Günü münasibətilə “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda onlayn konfrans keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxışlarında 1918-ci il mayın 28-də elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq qısa fəaliyyəti dövründə gördüyü misilsiz işlərdən söhbət açıb, əldə edilən uğurlar, Cümhuriyyətin qurucuları haqqında fikirlərini bölüşüblər. Şərqdə ilk demokratik respublikanın yaradılmasından ötən 103 illik dövrü ictimai-siyası, tarixi, ideoloji və müstəqil dövlətçilik ənənələri baxımından təhlil edən natiqlər məhz XX əsrin sonunda ölkəmizin yenidən müstəqilliyini bərpa etməsini ən böyük sərvət kimi dəyərləndiriblər.
Onlayn konfransdakı çıxışlarda müstəqilliyimizin əbədi və sarsılmaz olması naminə ümummilli lider Heydər Əliyev ideyalarının bundan sonra da uğurla həyata keçiriləcəyinə əminlik ifadə edilib. Bu istiqamətdə dövlətimizin başçısı İlham Əliyevin yürütdüyü uğurlu siyasətin əsas mahiyyəti, bu yolda Azərbaycan gəncliyinin qarşısında duran əsas vəzifələr bir daha konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Gənclərdə dövlətçilik təfəkkürünün düzgün formalaşması və onların azərbaycançılıq fəlsəfəsi ətrafında sıx birləşərək gələcək inkişaf proseslərinə töhfə verəcəklərinə inam hissi ifadə olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, deputat, professor Musa Qasımlı, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev, “Heydər Əliyev siyasi məktəbini öyrənirik “Gənc liderlər” proqramının məzunu, Vətən müharibəsi iştirakçısı Coşqun Hidayətov və AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya Fondunun direktoru, tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova çıxış edərək Azərbaycan gəncliyinin uğurlarından, müxtəlifyönümlü gənclər təşkilatlarının həyata keçirdiyi davamlı layihələrdən, gənclərin Vətənə məhəbbət, dövlətçiliyə sədaqət, milli-mədəni irsimizə hörmət ruhunda formalaşmasından, danışıblar, müstəqil dövlətçilik ənənələrinin inkişaf etdirilməsində gənclərin rolunu yüksək dəyərləndiriblər.