31 mart – Azərbaycanlıların Soyqırımı Günü tariximizin ağrılı və faciəli səhifələrindəndir
Bakı, 28 mart, AZƏRTAC
Azərbaycan Universitetində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anma tədbiri keçirilib.
Əvvəlcə tədbirdə Azərbaycanın Dövlət himni səsləndirilib, soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, universitetin rektoru Səadət Əliyeva xalqımızın tarixində qəhrəmanlıq səhifələri ilə yanaşı, acı və kədərli məqamların da olduğunu vurğulayıb. Qeyd edilib ki, 1918-ci ilin martında və aprelində Bakı, Şamaxı, Quba, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə ermənilər tərəfindən törədilmiş qətl və qırğınlar tariximizin ağrılı və faciəli səhifələrindəndir.
Rektor deyib ki, 1918-ci il soyqırımı faktları ilə bağlı həqiqətlər uzun illər saxtalaşdırılıb və dünya ictimaiyyətindən gizlədilib. Müstəqilliyimizin yenidən bərpasından sonra ümummilli lider Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanda martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Mart soyqırımının 80-ci ildönümü ərəfəsində imzalanan bu Fərmandan sonra dövrün obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib, uzun illər təhrif olunmuş faktlar və həqiqətlər ortaya çıxarılıb, əsl qiymətini alıb. Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamı isə mənfur qonşularımızın tarixi faktları saxtalaşdırmalarının qarşısının alınmasına yönəlmiş növbəti və çox önəmli addımdır.
Rektor bildirib ki, tədbirin bu gün açılışı keçirilən Azərbaycan Xalq Cümhuriyyəti Auditoriyasında təşkil olunması rəmzi məna daşıyır. Çünki Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq tariximizə şanlı səhifə kimi həkk olunub.
Sonra rektorun müşaviri, tarix üzrə fəlsəfə doktoru Nüşabə Quliyeva “Azərbaycan dövlətinin 1918-ci il Mart soyqırımına hüquqi qiymət verilməsi istiqamətində tədbirləri”, dosent Boran Əziz “1918-ci ilin martında türk-müsəlman soyqırımı haqqında”, professor Qabil Əliyev “1918-ci il soyqırımlarının qarşısının alınması tədbirləri haqqında”, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun elmi katibi İradə Əliyeva “Çar Rusiyasının şimal-qərbi Azərbaycanda zorakı xristianlaşdırma siyasəti soyqırımı hadisəsi kimi” mövzularında məruzələrlə çıxış ediblər.
Çıxışlarda 1918-ci ilin mart hadisələrinin tarixi kökləri, xarakteri və miqyası barədə məlumat verilib, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliği istiqamətində gənclərin rolu vurğulanıb.
Sonda “1918-ci ilin Mart soyqırımı sənədlərin dili ilə” adlı videoçarx nümayiş olunub.