SİYASƏT
Kiyevdə Azərbaycanın mədəni irsi təbliğ olunub VİDEO
Kiyev, 17 oktyabr, AZƏRTAC
Ukraynanın paytaxtı Kiyevdə Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə ölkəmizin mədəniyyəti təbliğ olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə Ukrayna Milli Uşaq Kitabxanasında keçirilən tədbirdə xarici ölkələrin səfirlikləri, Ukrayna Mədəniyyət və Strateji Kommunikasiyalar Nazirliyinin nümayəndələri, ictimai, mədəniyyət xadimləri, İrpendə akademik Zərifə Əliyeva adına Linqvistika liseyinin şagird və müəllim heyəti iştirak edib.
Tədbir Azərbaycan və Ukraynanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra Azərbaycanın tarixi və mədəni dəyərlərinə həsr olunan sənədli film nümayiş etdirilib.
Daha sonra çıxış edən ölkəmizin Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, müstəqilliyin ilk illəri bir çox daxili və xarici amillərə, xüsusən də torpaqlarımızın Ermənistan tərəfindən işğalına görə Azərbaycan böyük çağırışlarla üzləşib, ciddi sınaqlardan keçib. “O keşməkeşli vaxtlarda Azərbaycanı tam tənəzzüldən Ümummilli Lideri Heydər Əliyev xilas etdi, bundan sonra ölkəmizin inkişaf dövrü başladı. Bu gün isə biz fəxr edirik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tərəqqi və inkişaf yolunda inamla irəliləməkdə davam edir”, - deyə səfir vurğulayıb.
Diplomat bildirib ki, Azərbaycan Mədəniyyəti Gününün keçirilməsi ölkələrimiz arasında dostluğun daha bir rəmzi və əlavə mədəni mübadilə mənbəyidir.
Səfir qonaqlara, həmçinin Bakıda keçiriləcək COP29 haqqında ətraflı məlumat verib, həmçinin müharibə dönəmində Azərbaycan dövlətinin Ukraynaya humanitar yardımları, bərpa, yenidənqurma işlərində iştirakı barədə danışıb.
Ukrayna Milli Uşaq Kitabxanasının direktoru Alla Qordienko çıxışında bu cür tədbirlərin Azərbaycanla Ukrayna arasında mədəni əlaqələrin inkişafındakı töhfəsindən danışıb.
Tədbirdə Azərbaycana aid mahnılar, şerlər səsləndirilib, tamaşa nümayiş etdirilib. Eyni zamanda, akademik Zərifə Əliyeva adına Linqvistika liseyinin şagirdlərinin ifasında Azərbaycan dilində şer səsləndirilib.
Sonda qonaqlar kitabxanada yaradılan “Azərbaycan xalqının mədəni dəyərləri” adlı kitab, həmçinin Azərbaycanın milli geyimlərinin, atributlarının sərgilərinə baxıblar.
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev