XTNS-dəki “Azərbaycan” pavilyonunda “Nəzər nöqtəsi” adlı yeni layihəyə start verilib VİDEO
Moskva, 3 fevral, AZƏRTAC
XTNS-dəki “Azərbaycan” pavilyonunda Rusiyada yaşayan tanınmış azərbaycanlılarla görüş platformasına çevriləcək “Nəzər nöqtəsi” adlı yeni layihəyə start verilib.
AZƏRTAC xəbər verir ki, təşəbbüsün məqsədi Azərbaycan icmasının nümayəndələri arasında açıq dialoq yaratmaq, mədəniyyətimizi təbliğ etmək və soydaşlarımızı narahat edən aktual problemlərin müzakirəsini aparmaqdır.
Layihənin ilk qonağı Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Rəhman Mustafayev olub. Azərbaycan ziyalılarının nümayəndələrini, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəallarını, Moskvanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələri, eləcə də Rusiya ictimaiyyətinin nümayəndələrini bir araya gətirən görüş səmimi və konstruktiv şəraitdə keçib.
Tədbiri XTNS-də “Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova aparıb. O, fikir mübadiləsi, Azərbaycan icmasının inkişaf perspektivlərinin müzakirəsi və ölkəmizlə Rusiya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımından “Nəzər nöqtəsi” layihəsinin əhəmiyyətini vurğulayıb.
Görüş zamanı milli özünəməxsusluğun qorunub saxlanması, mədəniyyətlərarası əməkdaşlıq, gənclərin təşəbbüslərinin dəstəklənməsi və maarifləndirici proqramlar müzakirə edilib. Azərbaycan və Rusiya universitetləri arasında qarşılıqlı fəaliyyətə, mədəni və işgüzar əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirilib.
Səfir Rəhman Mustafayev fəal mövqeyə görə layihə təşkilatçılarına və görüş iştirakçılarına minnətdarlığını bildirib, xaricdəki Azərbaycan icmasının konsolidasiyasının vacibliyini vurğulayıb. O, belə təşəbbüslərin Azərbaycan ilə Rusiya arasında dostluğun möhkəmlənməsinə töhfə verdiyini qeyd edib, həmvətənləri ilə açıq dialoqa hazır olduğunu bildirib. Diplomat görüş əsnasında Azərbaycan-Rusiya münasibətlərinin hazırkı vəziyyəti, dünya siyasəti və iqtisadiyyatının aktual problemlərinə dair rəsmi Bakının mövqeyi, Rusiyadakı Azərbaycan icmasının səylərini birləşdirmək üçün səfirlik tərəfindən həyata keçirilən layihələr barədə danışıb.
Görüşün sonunda qonaqlar mühüm məsələləri müzakirə etmək imkanına görə təşkilatçılara təşəkkür ediblər və Rusiyada elm, mədəniyyət, biznes və ictimai həyatda inkişafa töhfə vermiş tanınmış azərbaycanlılarla görüş platformasına çevriləcək “Nəzər nöqtəsi” layihəsinin davam etdiriləcəyinə ümidvar olduqlarını bildiriblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva